REGİONLAR
Gənclərin yaradıcılıq festivalı: “Mən bu cahana sığmazam”
Göyçay, 16 dekabr, AZƏRTAC
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Nəsimi ili” çərçivəsində həyata keçirdiyi “Mən bu cahana sığmazam” gənclərin yaradıcılıq festivalı layihəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Qəbələ şəhərində gənclər üçün düşərgə təşkil edilib. Düşərgəyə Nəsimi festivalında uğurlu nəticə göstərən 20 yaradıcı gənc qatılıb. Burada təcrübəli təlimçilər tərəfindən gənclərə “Uğur formulu”, “Effektiv bilik əldəetmə metodları”, “Kitab oxumağın üstünlükləri”, “Niyə kitab oxumalıyıq”, “Zamanın və həyatın idarə edilməsi” mövzularında təlimlər, eləcə də interaktiv oyunlar, bilik yarışları, qrup işləri təşkil edilib. Düşərgədə gənclərin tarixi Çuxur Qəbələ, Azərbaycan Udi ocağı və Nic qəsəbəsində yerləşən Alban məbədinə ekskursiyaları da təşkil olunub.
Xatırladaq ki, layihənin məqsədi Nəsimi yaradıcılığına yeni baxış ortaya qoymaq, görkəmli şəxsiyyətin irsini gənclərə daha yaxından çatdırmaq, milli, mədəni və mənəvi dəyərləri təbliğ etmək və gəncləri ölkə ərazisində “Nəsimi ili” ilə bağlı təşkil olunan fəaliyyətlərə cəlb etmək, eləcə də onların asudə vaxtının səmərəli təşkili idi.