REGİONLAR
Gənclərin zərərli vərdişlərdən çəkinməsində maarifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür
Astara, 17 fevral, Bağır Əliyev, AZƏRTAC
Astarada şəhər 7 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!”, “Dini radikalizmə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Astara Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis baş leytenantı Amal Rzayevin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Ramin Hüseynov, “Giləkaran” məscidinin imamı Elvin Ağayev, mərkəzi xəstəxananın narkoloq-həkimi Fuad Səmədov, təhsil şöbəsinin məsləhətçisi Vüqar Şahbazzadə, rayon Ziyalı Ağsaqqallar Cəmiyyətinin sədri Camal İbrahimov çıxışlarında qeyd ediblər ki, əsrin bəlası olan narkomaniyaya, eləcə də dini radikalizm və erkən nikaha qarşı mübarizənin təmin edilməsində, gənclərin zərərli vərdişlərdən uzaq durmasında maarifləndirmə tədbirləri mühüm əhəmiyyətə malikdir.
Diqqətə çatdırılıb ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Astarada narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi, dini radikalizm və erkən nikah halları əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi və görüşlərin keçirilməsidir. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.