REGİONLAR
Gənclərlə iş dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib VİDEO
Xırdalan, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalandakı Heydər Əliyev Mərkəzində Gənclər Gününə həsr olunan ümumrayon tədbirində Abşeron rayonunun fəal gəncləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova gəncləri təbrik edərək, bu əlamətdar günün mahiyyətindən və təsis olunmasının 20 illik tarixindən söz açıb, ümummilli lider Heydər Əliyev və hazırda Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, Azərbaycan gəncliyinin qarşısında duran ən böyük vəzifə dövlətimizi qorumaq, Azərbaycanın gücünün, qüdrətinin artmasına öz töhfəsini vermək, milli ideyaların, mənəvi dəyərlərin daşıyıcısı olmaq, ölkəmizi layiqincə təmsil etməkdir. Hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes, maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal iştirak edir, təhsil, mədəniyyət, idmanda böyük uğurları ilə Azərbaycana başucalığı gətirirlər.
Tədbirdə ötən il rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən danışılıb. Gənclərlə işin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyi, yeni nəslin təhsilinin, mənəvi-əxlaqi tərbiyəsinin diqqət mərkəzində saxlanıldığı diqqətə çatdırılıb.
Çıxış edən gənclər bildiriblər ki, Abşeron gəncləri öz siyasətində xalqına arxalanan dövlətimizin başçısının etimadını hər zaman doğruldacaq.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin bir qrupuna fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Bayram tədbirində bir-birindən maraqlı musiqilər səslənib, rəqslər nümayiş olunub.