CƏMİYYƏT
Gənclərlə işdə gender əsaslı yanaşmaya dair təlim proqramı yekunlaşıb
Bakı, 3 dekabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə əməkdaşlığı ilə GİKM nümayəndəliklərində çalışan bir qrup əməkdaş üçün Bakıda “Gənclərlə işdə gender əsaslı yanaşmanın əhəmiyyəti” adlı üçgünlük təlim proqramı uğurla tamamlanıb.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, proqramın ikinci və üçüncü günlərində təlimçilər tərəfindən iştirakçılara “Milli gender fəaliyyət planı və regionlarda gənclərlə işdə gender prinsipləri”, “Gender layihələri-gender sensitiv ideyalar və onların hazırlanması-bunun üçün sınanmış metodlar” və sair mövzularda məlumat verilib.
Sonra iştirakçılar mövzuya uyğun tamaşa oynayaraq, təlimlərdə əldə etdikləri bilikləri oyunda nümayiş etdiriblər.
Proqram interaktiv oyunlar və müxtəlif mövzuların müzakirəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Gənclərlə işdə gender əsaslı yanaşmanın əhəmiyyəti” adlı təlim proqramı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin icra etdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin sosial və iqtisadi inkişafı” layihəsinin dəstəyi ilə icra olunub.