CƏMİYYƏT


Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin roluna dair layihənin bağlanış mərasimi keçirilib

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 6-da Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramı (UNDP), AQUPDK-nın və Rasional İnkişaf Qadınlar Birliyinin 2016-cı ildən etibarən birgə həyata keçirdikləri layihənin məqsədi qadın hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunun artırılması və qadınların cəmiyyət həyatında iştirakının təşviq edilməsidir. Layihə çərçivəsində ölkənin şəhər və kəndlərində qadınların yerli imkanlarının genişləndirilməsi, iqtisadi liberallaşma və gender bərabərliyi gündəliyini inkişaf etdirmək hədəflənib.

“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsinin bağlanış mərasimində iki il ərzində əldə olunan nailiyyətlər və əsas mərhələlər müzakirə olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərindəki abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək layihənin qadınların iqtisadi fəallıqlarının artırılması istiqamətində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, icra olunduğu ilk mərhələdə layihəyə bir o qədər maraq göstərilməsə də, sonradan diqqət artmağa başladı və bu, kütləvi hal aldı. Bu istiqamətdə qadınlar arasında böyük təşviqat işi aparılmağa başladı və nəticədə qadınlar öz bizneslərini qurmaqda maraqlı oldular.

Layihənin icrasında vətəndaş cəmiyyətinin rolunun böyük olduğunu deyən M.Quliyev qeyd edib ki, biz belə layihələri hər zaman dəstəkləyirik. Bu gün bağlanış mərasiminin keçirilməsi həm də yeni başlanğıclara yol açılması deməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib: “Bu, bizim icra etdiyimiz ən uğurlu layihələrimizdən biridir. Bu gün bu sahədə nailiyyətlər əldə etmiş qadınları görəndə şahidi oluruq ki, doğrudan da ötən illər ərzində çox böyük işlər görülüb. Layihə imkan verdi ki, qadınların iqtisadi səlahiyyətlənməsi daha da artsın. Hər bir sahədə olduğu kimi, iqtisadi baxımdan da qadınların sərbəstləşməsi, öz işlərini qurması, özlərini cəmiyyətin fəal üzvü olan şəxsiyyət kimi hiss etmələri baxımından həyata keçirilən bütün tədbirlər qadın hüquqlarının qorunmasına töhfə verir”.

Layihənin icrasına Sabirabad rayonundan başlanıldığını vurğulayan Dövlət Komitəsinin sədr müavini deyib ki, ilk mərhələdə bu prosesə 7-8 qadın cəlb olunmuşdu. Əvvəlcə Qadın Resurs mərkəzləri yaradıldı. Bu mərkəzlər qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərir.

“İcra edilən layihələr və əldə olunan nəticələr bir daha göstərir ki, qadınlar kişilərdən geri qalmadan öz bacarıqlarını ortaya qoya bilərlər. Bu layihəyə qoşulan qadın artıq evdə bir şəxsiyyətə çevrilir, ailə üzvləri də ona dəstək olmağa başlayırlar. Layihənin uğuru da məhz budur. Ailə büdcəsinin idarə olunması, büdcənin düzgün müəyyənləşdirilməsi kimi məsələlərdə iqtisadi maarifləndirmənin aparılması mühüm əhəmiyyət kəsb edir. Mayın 30-da Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu keçirilib. Ötən 100 illik dövr göstərdi ki, Azərbaycanda gender münasibətləri və bərabərliyi hələ o dövrdə mövcud olub”, - deyə Sədaqət Qəhrəmanova bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin icra olunduğu iki il ərzində görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın ən münasib təcrübəsini bölüşür və biz bundan sonra da sizə və dəstək olmaq istəyirik. K.Yankauskas layihənin əhatə etdiyi sahələr və əldə olunan nəticələr barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə Baş Direktoratın Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.

Layihənin icra mərhələlərini və qarşıda duran vəzifələri diqqətə çatdıran BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Alessandro Frakassetti layihənin həyata keçirilməsində əməyi keçənlərə təşəkkürünü bildirib. O, çıxışında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin qadınlarla bağlı olan hədəflərindən bəhs edib.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva, Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova təqdimatlarla çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, görülən işlər barədə məlumat veriblər.

Sabirabad, Neftçala və Biləsuvar Qadın Resurs mərkəzlərinin rəhbərləri Aygün Əliyeva, Gülqədəm Mirzəzadə, Natəvan Əzizova çıxış edərək görülən işlərdən danışıb və göstərilən dəstəyə görə aidiyyəti qurumlara və təşkilatlara təşəkkürlərini bildiriblər.

Rəsmi hissənin sonunda layihənin müşaviri Gülarə Hümbətova layihənin məqsədi, iki il ərzində qadınlara verilən dəstək və birgə əməkdaşlıq etdikləri qeyri-hökumət təşkilatları barədə məlumat verib.

Sonda tədbir iştirakçıları Biləsuvar rayonunda qadınlar tərəfindən yaradılmış məhsullardan ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.