CƏMİYYƏT
Gender məsələləri üzrə məsul şəxslər üçün növbəti təlim kursları keçirilir
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə gender bərabərliyi üzrə məsul şəxslər üçün təşkil olunmuş növbəti ikigünlük təlim kursuna start verilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kurslarda təlimçilər “Gender bərabərliyinin təmin edilməsi”, “Qadın hüquqlarının müdafiəsi”, “Mövcud gender siyasəti”, “Gender auditi”, bu sahədə milli qanunvericilik, beynəlxalq təşkilatlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları və digər müvafiq mövzularla bağlı təqdimatlarla çıxış ediblər.
Müxtəlif dövlət qurumlarının gender məsələləri üzrə məsul şəxslərinin qatıldıqları tədbirdə çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova dövlətin gender siyasəti ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq, qanunvericiliyin gücləndirilməsi istiqamətində qəbul edilən qanun və konvensiyaların mühüm rolundan bəhs edib. O deyib: “Dövlətin yaratdığı imkanlar sayəsində bu gün çox savadlı, fəal gənclik yetişir. Amma cəmiyyətin həssas qrupdan olan üzvlərinin dəstəyə daha çox ehtiyacı var. Buna görə də Komitə olaraq bizim əsas məqsədimiz belə insanları maarifləndirmək və onlara dəstək olmaqdır”.
S.Qəhrəmanova qeyd edib ki, bu sahədə beynəlxalq təşkilatlarla aparılan uğurlu əməkdaşlıq nəticəsində bir sıra layihələr reallaşdırılır. Onlardan biri də “Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsidir. Bu layihə sayəsində həssas qrupa aid olan 200-ə yaxın qadın öz biznesini quraraq ailəsinə dəstək olub. “Bu layihənin həyata keçirilməsi ilə biz belə bir nəticəyə gəldik ki, iqtisadi baxımdan qadın hüquqlarını daha yaxşı qoruya bilir”, - deyən sədr müavini qadınların iş həyatlarında rastlaşdıqları sosial problemlərin həllində gender məsul şəxslərin mühüm rolundan bəhs edib, təlim iştirakçılarının təhlillər aparıb, təkliflər irəli sürə biləcəklərini bildirib.
Təlimin ikinci günündə isə “CEDAW Komitəsinin fəaliyyəti”, “Liderlik və qərar qəbuletmə”, “Gender auditi”. “Gender indikatorları və gender analizi”, “Gender mainstreaming” - Genderin inteqrasiyası”, “Ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə gender bərabərliyinin inteqrasiyası”, “Gender bərabərliyini gündəlik fəaliyyətə necə inteqrasiya etmək olar?” mövzuları üzrə təlimlər keçiriləcək.
Təlimçilər Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, həmin şöbənin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova, Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə, Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərovadır.