SİYASƏT


General Vladislav Safonov: Əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, bu gün Azərbaycanın Qarabağ problemi olmazdı

Bakı, 30 aprel, Laçın Sultanova, AZƏRTAC

1993-cü ilin iyun ayında ölkəmizdə hökm sürən xaos, özbaşınalıq və anarxiyadan təngə gəlmiş xalq Azərbaycanın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasını tələb etməsəydi, ölkəmizin başına nələr gələcəyini təsəvvür etmək çətin, bəzən isə dəhşətlidir. Azərbaycan ordusunun hərbi uğursuzluqları gənc müstəqil dövlətimizdə dərin böhran yaratmışdı. Ölkənin iqtisadi vəziyyəti də mürəkkəb idi. Respublikanın bir sıra şəhər və rayonlarında yaradılmış qanunsuz silahlı dəstələr Bakıya tabe olmadıqlarını bəyan edirdilər.

Bu şəraitdə ölkədə qayda yaratmağa qadir olan yeganə birləşdirici şəxsiyyət yalnız bir nəfər ola bilərdi - 1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik etmiş Heydər Əliyev. O, fəlakətli vəziyyətdə, tammiqyaslı vətəndaş müharibəsi həddində olan ölkəni davamlı inkişaf yoluna çıxarmağa nail oldu. O, qısa müddətdə vətəndaş barışığına, Qarabağ münaqişəsi zonasında vəziyyəti sabitləşdirməyə, asayişin bərpasına, qanunun aliliyini bərqərar edilməsinə nail oldu. Həyata keçirilən iqtisadi siyasət, yeni neft strategiyasının işlənib hazırlanması maliyyə sistemini sabitləşdirməyə, respublikanı iqtisadi böhrandan çıxarmağa, beynəlxalq aləmdə Azərbaycanın mövqelərini möhkəmlətməyə imkan verdi.

Ordu quruculuğu Heydər Əliyev üçün prioritet məsələlərdən biri idi. Ümummilli Lider Azərbaycanda ordu quruculuğunun təməlini qoydu. Bu gün inamla deyə bilərik ki, Azərbaycan ordusu dünyanın güclü orduları sırasına daxildir. Bütün beynəlxalq reytinqlər də bunu sübut edir. Bu ordu həm maddi-texniki təminat, təchizat, döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu baxımından güclü ordular sırasındadır. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha göstərdi. O vaxt Azərbaycanın qəhrəman əsgərləri və zabitləri Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının işğal altındakı torpaqlarının bir hissəsini azad etdilər, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağını sancdılar. Ordumuzun uğurları ölkə gənclərini ruhlandırdı, onlar ölkənin ərazi bütövlüyünün bərpasında iştirak etməyə hazır olduqlarını bildirdilər. Bu gün Azərbaycan ordusu heç kəsin onun uğurlarına kölgə salmasına imkan verməz.

Dağlıq Qarabağ münaqişəsinin əvvəlində isə o vaxt hələ SSRİ-nin tərkibində olan Azərbaycanın nə nizami ordusu vardı, nə də Müdafiə Nazirliyi. Bu günlərdə Bakıda olmuş, 1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı, general-mayor Vladislav Safonov və 1981-1989-cu illərdə Azərbaycan daxili işlər nazirinin operativ milis işi üzrə müavini, Qarabağda milisin separatçılarla mübarizə bölmələrinin rəhbəri olmuş general-mayor Kamil Məmmədov həmin illərdə Dağlıq Qarabağda baş verən hadisələr barədə fikirlərini və xatirələrini AZƏRTAC-ın müxbiri ilə bölüşürlər.

Prinsipial və dəyanətli bir insan kimi tanınmış general-mayor Vladislav Safonov deyir: “Əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsini israrla tələb etsəydi, bu gün sizin Qarabağ probleminiz olmazdı...”. Məhz bu keyfiyyətlərinə və SSRİ Konstitusiyasına əməl etməklə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasını istədiyinə görə, Qarabağ separatçıları general Safonova nifrət edirdilər, hətta dəfələrlə ona qarşı sui-qəsd hazırlamışdılar.

General Safonov deyir: “Əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, ermənilər bu məsələni qaldırmazdılar. Mən bunu yüz faiz əminliklə deyirəm. Mən, həmçinin buna da əminəm ki, əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı və bu məsələ hansı şəkildəsə qaldırılmış olsaydı belə, Heydər Əliyev məsələni tezliklə və əsaslı şəkildə həll edərdi. Biz bu cür özbaşınalığa və provokasiyalara imkan verməzdik. Qətiyyətli hərəkət edərdik. Ona görə ki, ölkə Konstitusiyasına uyğun hərəkət etmək lazım idi, Konstitusiyada isə ərazinin bölünməzliyi haqqında maddə təsbit edilmişdi. Bu, birmənalı və başlıca tələb idi. Heydər Əlirza oğlu heç bir şübhə üçün yer qoymazdı. O, bir komendant olmağım etibarilə mənə, habelə digər xüsusi xidmətlərə imkan yaradardı ki, xalqın mənafeyi naminə işləyək, qan tökülməsin, hüquqazidd əməllərə yol verilməsin. Qarabağ probleminin genişlənməsini gözləmək lazım deyildi, onu başlanğıcda həll etmək olardı. Bunun üçün rəhbərin əzmkarlığı, gücü və zəkası lazım idi. Amma ovaxtkı Azərbaycan rəhbərliyində bunların heç biri yox idi”.

Sabiq komendant Azərbaycanın ovaxtkı rəhbərlərini xatırlayaraq deyir ki, onlardan bəziləri hətta Qarabağda olmamışdı, yalnız Bakıda əyləşib sərəncamlar və göstərişlər verirdilər. Onların Qarabağa getməyə və məsələləri yerində həll etməyə cəsarətləri çatmırdı. Safonov hesab edir ki, Qarabağ Sovet İttifaqının dağıdılması üçün sınaq poliqonu oldu: “Mənim yaddaşımda yalnız Xüsusi İdarəetmə Komitəsinin sədri təyin edilmiş Viktor Petroviç Polyaniçko barədə işıqlı xatirələr qalıb. O, möhkəm əli ilə qayda yaratmağa çalışırdı, lakin artıq gec idi və MK-nın ikinci katibi olmasına baxmayaraq, mərkəzdən xüsusi dəstək almadı. Artıq nəyisə dəyişmək, nəsə etmək çətin idi. Mən Konstitusiyaya əməl olunmasını ən başlıca və müqəddəs borc hesab edirdim. Özü də bu, təkcə Azərbaycanın deyil, bütün Sovet İttifaqının mənafeyinə uyğun idi. Əgər, ilk növbədə, Mixail Qorbaçov tərəfindən qətiyyət və prinsipiallıq göstərilsəydi, vəziyyət bu həddə çatmazdı. Mənim rəhbərlik etdiyim qrupun şəxsi heyətində müxtəlif vaxtlarda 5 mindən 20 minə qədər insan - Sovet İttifaqının bütün ali milis məktəblərinin yığma batalyonları, digər qüvvələr vardı. Bu, çox sanballı qrup idi, əvvələn, vətəndaş müharibəsinə, ikincisi, qan tökülməsinə və toqquşmalara imkan verməzdi. Qarabağ Ermənistandan təchiz olunurdu, silahlıları da orada hazırlayırdılar. Bütün bunların qarşısını almaq olardı”.

Vladislav Nikolayeviç Şuşanın süqutuna hələ də inana bilmir: “Şuşanı necə vermək olardı? Şuşa qaladır! Mən artıq öz evimdə, Volqoqradda olarkən eşitdim ki, Şuşanı veriblər, inanın, gözlərim yaşla doldu. Oraya bircə bölük göndərmək kifayət idi ki, yeganə yoldan heç kəs keçə bilməsin. Bu, əsl satqınlıq olub. Bunu kim edib? Araşdırmaq lazımdır. Yaxud Xocalını götürək. Axı, oraya köçürülmüş insanların qayğısına qalmaq, müdafiə qarnizonları yaratmaq lazım idi. Lakin ovaxtkı rəhbərlik heç nə etmədi və axırı belə oldu...”.

Ermənilər dəfələrlə Azərbaycana ərazi iddiaları irəli sürməyə cəhd göstəriblər. Ulu öndər Heydər Əliyev Milli Məclisdəki çıxışlarının birində qeyd edib ki, ermənilər 1950-1960-cı illərdə bu məsələni qaldırmağa çalışmışdılar. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası hazırlanan dövrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə təkliflər daxil olurdu. Bu məsələyə hətta Sov. İKP MK-nın baş katibi Leonid Brejnevin başçılıq etdiyi komissiyanın iclasında baxılmasına cəhd göstərilmişdi. Lakin Heydər Əliyev bunun qarşısını ala bildi. Bunun üçün çox səy göstərməli oldu.

Vladislav Safonovun döyüş yoldaşı, Azərbaycan daxili işlər nazirinin sabiq müavini general-mayor Kamil Məmmədov həm bugünkü görüşdə, həm də beş il bundan əvvəl, Ulu Öndərin 90 illiyi münasibətilə AZƏRTAC-a verdiyi müsahibəsində təəssüflə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdə Heydər Əliyev hakimiyyətdə deyildi. Generalın fikrincə, əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, Qarabağ münaqişəsi ümumiyyətlə baş verməzdi.

General Kamil Məmmədov həmin günləri xatırlayaraq deyir: “1988-ci il fevralın 12-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ovaxtkı birinci katibi Kamran Bağırov mənə dedi ki, Qarabağ erməniləri Ermənistanla birləşmək istəyirlər, sən orada qayda yaratmalısan. Mən Ağdama uçdum, oradan Xankəndiyə getdim, vəziyyəti öyrəndim. Bakıdan özümlə xüsusi təyinatlılar götürmüşdüm, onları Xankəndinin həndəvərində qoyub gəldim. Axı, o vaxt Azərbaycan hələ SSRİ-nin tərkibində idi və bizim nə nizami ordumuz vardı, nə də Müdafiə Nazirliyimiz. Ön xətdə milis bölmələri vardı, onlara mən rəhbərlik edirdim. Vilayət icraiyyə və partiya komitələrinin binaları qarşısındakı meydanda təxminən 200-300 nəfər toplaşmışdı. Onlar gecə-gündüz “miatsum” (birləşmə) deyə qışqırır və Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. Özlərinin bu arzusunun səbəbi kimi həyat səviyyəsinin aşağı olmasını göstərirdilər. Əslində isə Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının əsas göstəriciləri həm Azərbaycanda, həm də Dağlıq Qarabağın can atdığı Ermənistanda respublika üzrə orta göstəricilərin səviyyəsindən yüksək idi. Mən xüsusi təyinatlıların köməyi ilə bu kütləni bircə saat ərzində asanlıqla qova bilərdim və bununla iğtişaşlara son qoyulmuş olardı. Vəziyyət barədə Bakıya məruzə etdim. Mənə bildirdilər ki, Azərbaycan Kommunist Partiyası MK-nın ikinci katibi Vasili Konovalov vəziyyəti öyrənmək və tədbir görmək üçün Xankəndiyə gedir.

Xüsusi təyinatlılar Xankəndinin yaxınlığındakı Malıbəyli kəndində idi. Bu, xüsusi vasitələr, odlu silah və zirehli transportyorlarla təchiz olunmuş xüsusi bölmə idi. Konovalov Bakıdan gələn kimi mənə xəbərdarlıq etdi: “Bizim komandamız olmadan heç nə etməyin – güc və silah işlətməyin. Əks halda bunun nəticələri pis olacaq, sizi dövlət əleyhinə əməllərdə ittiham edəcəklər və hərbi tribunal sizi mühakimə edəcək”. Konovalov qayıdandan sonra mənə heç bir komanda verilmədi... Buna görə də Qarabağ problemi bugünkü həddə çatdı. Əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, bu münaqişə ya ümumiyyətlə olmazdı, ya da Heydər Əliyev öz iradəsi və qətiyyəti sayəsində hər şeyi başlanğıcda həll edər, hadisələrin nəzarətdən çıxmasına imkan verməzdi. Lakin vaxt itirilmişdi və 1988-ci ilin mayında Əbdürrəhman Vəzirov respublika KP MK-nın birinci katibi təyin ediləndə vəziyyət daha da pisləşdi. Həmin gündən respublikada hərc-mərclik başlandı. Bakıda və respublikanın digər şəhərlərində əməliyyat şəraiti günbəgün mürəkkəbləşirdi.

Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi Henrix Poqosyanın təsiri və Dağlıq Qarabağ Muxtar Vilayəti Xüsusi İdarəetmə Komitəsinin sədri Arkadi Volskinin göstərişi ilə bizim qərargah Xankəndidən Ağdama köçürüldü. Mənə əmr edildi ki, bütün azərbaycanlı əhalidə olan ov tüfəngləri yığılsın, özüm isə hamıdan əvvəl şəxsi tüfəngimi təhvil verim. Bundan əlavə, mənə əmr etdilər ki, hətta yun qırxan qayçıları və digər kəsici-deşici alətləri də yığım. Qərargahın Xankəndidən Ağdama köçürülməsinə səbəb bizi münaqişə ocağından uzaqlaşdırmaq niyyəti idi, çünki biz onların separatçı siyasətini həyata keçirmələrinə mane olurduq...

Tarix göstərdi ki, əgər vaxtında təcili tədbirlər görülsəydi, erməni silahlılarının hücumunu dayandırmaq olardı. Ağıllı siyasətçi müharibəni dayandırmağın yolunu, müdrik siyasətçi isə müharibəyə yol verməmək üçün nə etmək lazım olduğunu bilir. Mən o vaxt da əmin idim, bu gün də əminəm: respublikanın ovaxtkı rəhbərliyinin nə mərdliyi vardı, nə də müdrikliyi”.

Döyüş generalları bu gün də özlərinin ictimai fəaliyyəti ilə, xalq diplomatiyasının imkanlarından istifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə töhfə vermək istəyirlər. General Vladislav Safonov münaqişənin dinc yolla həllinin üç variantını görür, lakin hərbçi kimi, hərbi qüvvə tətbiq olunmasını da istisna etmir.

O deyir: “Yəqin ki, indi əsas məsələ bu münaqişəni sülh yolu ilə həll etməkdir. Bu mürəkkəb məsələnin dinc yolla həllində mən üç istiqamət görürəm. Birincisi, döyüş veteranlarını, hər iki tərəfdən olan ağsaqqalları fəallaşdırmaq lazımdır. Özü də bunu həm təmas xəttinin yaxınlığındakı rayonlarda, həm də ölkənin daxilində təkidlə həyata keçirmək lazımdır. Gənclərə xüsusi rol verilməlidir, çünki onlar çox fəaldırlar. Bizim Volqoqradda “Bakı” adlı park var, Azərbaycan diasporu həmin parkda çox fəal iş aparır. Diasporun üzvü olan gənclər orada muzey yaratmağı qərara alıblar. Mən onlara qəzetlərdən kəsib saxladığım ayrı-ayrı məqalələri və Qarabağdan gətirdiyim çoxlu başqa materialları vermişəm. Hətta həyat yoldaşıma vəsiyyət etmişəm ki, Azərbaycan Ali Sovetinin məni iki dəfə təltif etdiyi Fəxri fərmanları həmin muzeyə versin.

İkinci istiqamət diasporların qarşılıqlı fəaliyyətidir. Diasporların görüşməsi daha asandır. Üçüncü istiqamət sizin xaricdəki diplomatik missiyaların aparmalı olduğu diplomatik işdir.

Bütün bunlar məsələnin dinc yolla həlli istiqamətləridir. Lakin bununla bərabər, silahlanmış, müasir və hər cür fəaliyyətə hazır vəziyyətdə olan zirehli qatar ehtiyat yolda dayanmalıdır. Sülh yolu abırlı, anlaqlı insanlar üçün nəzərdə tutulur. Belə adamlar ermənilər tərəfdə də var, hökmən var. Axı, heç də hər kəs, xüsusən işğal edilmiş rayonlarda yaşayanlar rahat yatmır, çünki onlar bilirlər: öz əməllərinə görə gec ya tez cavab verməli olacaqlar. Bu adamların bir qismi isə orada zorla yerləşdirilib. Onlar hökmən bu barədə düşünürlər. Buna görə deyirəm ki, sülh yolu abırlı adamlar üçün münasibdir, amma bunu başa düşməyənlər üçün zirehli qatar hazır vəziyyətdə olmalıdır. Yəni, həm diplomatik, həm ictimai, həm də hərbi iş aparılmalıdır”.

General-mayor Kamil Məmmədov da Qarabağ probleminin dinc yolla nizamlanmasının tərəfdarıdır. O deyir: “Mən də daxil olmaqla Qarabağ müharibəsinin 40 min veteranının hamısı istənilən vaxt Vətənin müdafiəsinə qalxmağa hazırıq. Lakin biz insanların həlak olmasını istəmirik, biz sülh istəyirik. Biz Prezidentimiz və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqınları doğma yurdlarına - əzəli Azərbaycan torpaqların qaytarmaq üçün göstərdiyi səyləri dəstəkləyirik”.

Kamil Məmmədov Xocalıda baş vermiş faciəli hadisələri ürəkağrısı ilə xatırlayır: “1992-ci ildə ovaxtkı Prezident Ayaz Mütəllibov Musa Məmmədovu Qarabağda özünün nümayəndəsi təyin etdi. Mən M.Məmmədova raportla müraciət edib yenidən Qarabağa getdim. O vaxt Xocalı faciəsi yaxınlaşırdı. Mən əməliyyat məlumatları toplayaraq Bakıya qayıtdım və müəyyən etdim ki, Zabrat aeroportunda 7 helikopter dayanıb. Aeroportdan birbaşa Azərbaycan Müdafiə Nazirliyinə, nazir vəzifəsini icra edən Şahin Musayevin yanına getdim. Özümü təqdim edib dedim ki, Zabrat aeroportunda 7 döyüş helikopteri var, onların köməyilə Xocalı sakinlərini şəhərdən çıxarmaq olar. Şahin Musayev cavab verdi ki, döyüş helikopterlərinə ən çoxu 5-6 adam minə bilər. Mən dedim: “Siz məni başa düşmədiniz, mən insanları mülki helikopterlərlə çıxarmağı təklif edirəm, hərbi helikopterlər isə onları müşayiət edə bilər”. Şahin Musayev dedi ki, bu təklifi nəzərdən keçirərik. Onun cavabı məni qane etmədi, mən helikopterlə Ağdama qayıtdım, bu barədə orada olan Tamerlan Qarayevə məruzə etdim. O vaxt Ali Sovetin sədrinin müavini olan Tamerlan Qarayev mənim yanımda Şahin Musayevə zəng vurdu. Şahin Musayev bu məsələni həll edəcəyinə söz versə də, heç bir tədbir görmədi. 1992-ci il fevralın 26-da, Xocalının dinc əhalisinə qarşı soyqırımı törədiləndə 600-dən çox insan öldürüldü, qalan sakinlər möcüzə sayəsində şəhərdən çıxa bildilər. O vaxt Şahin Musayevi Ağdam aeroportunda gördüm... O, başını aşağı saldı və heç nə deyə bilmədi. Mən bu hadisə barədə Şahin Musayevin Ağdamdakı nümayəndəsi Fəhmin Hacıyevin məhkəməsində danışmışam”.

Səhhəti ilə əlaqədar istefaya çıxanda ovaxtkı daxili işlər nazirinin əmri ilə Kamil Məmmədova rəsmən general forması geymək hüququ verilmişdi. Daxili İşlər Nazirliyi onu özünün bütün tədbirlərinə dəvət edir. “Mən müstəqil Azərbaycanın generalı formasını qürurla geyinirəm. Hörmətli İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edir, ona cansağlığı, ölkəmizin inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıram. Məni “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyi üçün Prezidentimizə çox minnətdaram. Mənim xidmətlərimin tanınmasına, general forması geyinməyimə icazə verilməsinə görə daxili işlər naziri Ramil Usubova da minnətdaram”, - deyə Kamil Məmmədov qeyd edir.

Ermənistanın dünya birliyi tərəfindən təcavüzkar kimi tanınmaması məsələsi daxili işlər orqanları veteranına dinclik vermir. O xatırlayır ki, ümummilli lider Heydər Əliyev hələ 2001-ci il fevralın 24-də Milli Məclisin iclasında çıxış edərkən Ermənistanın təcavüzkar kimi tanınması və ona qarşı müvafiq sanksiyalar tətbiq edilməsi üçün sənədlərin hazırlanmasını tələb etmişdi. Bu gün də ölkəmizin ərazi bütövlüyünün müdafiəsinə qalxmağa hazır olan general Kamil Məmmədov təəssüflə deyir: “O vaxtdan 17 il keçib, lakin problem hələ də həll edilməmiş qalır. BMT bu məsələyə dair müvafiq qərar qəbul etməyib. Ali Baş Komandanımız hörmətli İlham Əliyev belə bir çağırış etsə, mən üçüncü dəfə Qarabağa getməyə hazıram”.

Kamil Məmmədovun Qarabağ müharibəsinə dair şəxsi arxivi var. Bu arxivdə zamanın təsirindən saralmış qəzetlər, foto və videomateriallar, 30 illik tarixi olan sənədlər toplanıb. General deyir: “Mən öz arxivimi dövlətə hədiyyə etmək istərdim. Axı, bu sənədlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin əsl xronikasıdır. Lakin tarix baxımından dəyərli olan bu arxivin hansısa bir müəssisənin “zirzəmisində”, sadəcə, “yatıb qalmasını” istəməzdim. Mən istəyirəm ki, tədqiqatçılar, tarixçilər, pedaqoqlar bu arxivdən istifadə etsinlər, münaqişənin mahiyyətini açıqlasınlar, uşaqları vətənpərvərlik ruhunda tərbiyə etsinlər”.

Azərbaycanlıların və ermənilərin təkcə Qarabağda deyil, bütün Azərbaycan ərazisində dinc yanaşı yaşadığı, sevinclərini və kədərlərini bölüşdükləri, bir-birinin köməyinə çatdıqları günləri də xatırlayan general deyir: “Münaqişə sonsuz davam edə bilməz, insanlar bunun əziyyətini çəkir, mən ölkəmizin ziyalılarının digər görkəmli nümayəndələri ilə birlikdə müxtəlif beynəlxalq tədbirlərə qatılır, vətəndaş mövqeyindən çıxış edirəm. Mən bugünkü gəncliyə, onun savadına, diplomatik təfəkkürünə böyük ümid bəsləyirəm. Bu yaxınlarda Tbilisidə keçirilən bir konfrans çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin gənc və çox istedadlı tədqiqatçısı Rizvan Hüseynovla tanış oldum. O, çox böyük iş görür və Qarabağın tarixən Azərbaycana mənsub olmasının təkzibedilməz sübutlarını üzə çıxarır. Çox ümid etmək istərdim ki, 30 ildən bəri uzanan Qarabağ məsələsi danışıqlar masası arxasında həll ediləcək”.

General Vladislav Safonov da yenə ölkəmizə gəlməyi və öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı görməyi arzulayır. Bakı haqqında təəssüratlarını bölüşən general dedi: “Bundan əvvəl Azərbaycan paytaxtında 1998-ci ilin noyabr-dekabr aylarında və 2001-ci ildə olmuşdum. O vaxtlar inkişaf prosesi yenicə başlanırdı, lakin bu dəfə gördüklərim məni heyran etdi, həm Bakı, həm də bütövlükdə Azərbaycan barədə baxışlarımı dəyişdi. Bakıda heyrətamiz dəyişikliklər baş verib. Azərbaycan bu qədər qısa müddətdə belə böyük uğurlara gənc, müdrik, istedadlı Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində nail olub. Bütün bu gözəlliklər Azərbaycan xalqı üçün həmişəlik yaradılır.

Mən və həyat yoldaşım Vera Valentinovna Bakının görməli yerlərinin çoxu ilə tanış olduq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, erməni terrorçular tərəfindən vurulan helikopterdə həlak olmuş görkəmli dövlət xadimlərinin məzarlarını ziyarət etdik, Şəhidlər xiyabanına getdik, 1990-cı il yanvarın 20-də həlak olmuş qəhrəmanların məzarları önündə baş əydik. Şəhidlər xiyabanında Gəncə sakinləri ilə görüşməyim çox gözlənilməz oldu, qəlbimi riqqətə gətirdi. Keçmiş döyüşçülərin bir qrupu məni tanıdı. Hərçənd o vaxtdan 28 il keçib... Onlar mənə yaxınlaşıb soruşdular: “Siz general Safonovsunuz?” Mən sözün yaxşı mənasında heyrətləndim. Xatirələrimizi bölüşdük... Bu görüş mənə çox təsir etdi. Bakıdan gedərkən ümid edirəm ki, Azərbaycanın işğal olunmuş torpaqları Prezident İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacaq, ölkəniz və onun gözəl paytaxtı daha yüksək sürətlə inkişaf edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.