SİYASƏT
General Yücel Karauz: Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük qələbəsi kimi tarixdə əbədi qalacaq VİDEO
Ankara, 29 sentyabr, AZƏRTAC
Vətən müharibəsində və ya “Dəmir yumruq” əməliyyatında torpaqlarımızı qanları ilə suvaran, 1988-ci ildən başlayan Qarabağ münaqişəsində canından, qanından keçən şəhidlərimizi və qazilərimizi ehtiramla yad edir, bizlərə əmanət olan şəhid ailələrinin qarşısında baş əyirik. Bu Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün Türkiyənin və türk dünyasının böyük qələbəsi kimi tarixdə əbədi qalacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
İkinci Qarabağ müharibəsinin Azərbaycan üçün Çanaqqala, Malazgirt, Sakarya savaşları kimi böyük bir döyüş yolu olduğunu xatırladan general Yücel Karauz deyib ki, bu Zəfəri Anadolu insanına, 83 milyonluq əhalimizə də qürur mənbəyi kimi yaşadan başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına və müzəffər Azərbaycan Ordusuna hörmət və ehtiramımızı bildiririk.
General Yücel Karauz deyib: “İstanbulun təhlükəsizliyi Bakıdan keçər” fəlsəfəsi ilə hərəkət edən Nuru Paşanın Ordusu Bakıya necə gəlmişdisə, Şuşa Bəyannaməsi ilə tarixin ən yüksək zirvəsinə yüksələn siyasi, hərbi, geosiyasi əlaqələrimiz də bundan sonra əbədi mövcud olacaqdır”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara