REGİONLAR


General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Cəbrayıl, 18 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan daxili işlər nazirinin sabiq müavini, general-mayor Kamil Məmmədov Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, general-mayor Kamil Məmmədov və Müdafiə Nazirliyinin zabitləri əvvəlcə Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Cocuq Mərcanlı kəndinə gələn K.Məmmədov tam orta məktəbin şagird və müəllimləri ilə görüşüb, təhsil ocağında yaradılan şəraitlə tanış olub. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Kamil Məmmədov Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, burada şəhidlərin ruhuna dua oxuyub.

Daha sonra ön xəttə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib. General-mayor Kamil Məmmədov əsgərlərin xidmət şəraiti ilə tanış olub, onlarla birgə nahar edib, müşahidə məntəqəsindən işğal altında olan ərazilərimizi seyr edib. Ön xəttə xidmət edən əsgərlərə sovqatlar verilib. Kamil Məmmədov Cocuq Mərcanlıdakı polis məntəqəsində də olub, burada xidmət edən polislərlə görüşərək söhbət edib, onlara işlərində uğurlar arzulayıb.

General-mayor Kamil Məmmədov AZƏRTAC-a müsahibəsində deyib: “Cocuq Mərcanlıda görülən işlər haqqında televiziyadan, internetdən, xəbər saytlarından çox eşitmişəm, çox məlumatım var. Bu gün isə özüm bu yerlərə gəldim. Cocuq Mərcanlının Prezident İlham Əliyevin xüsusi diqqəti ilə yenidən qurulması və kənd sakinlərinin öz doğma yurdlarına qayıtması onu göstərir ki, biz işğal olunmuş bütün kənd və şəhərlərimizi azad edərək, yenidən quracağıq. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü ordularındandır. Ordunun təminatı və döyüş ruhu çox yüksək səviyyədədir. Bu gün bizim Cocuq Mərcanlıda olmağımız da ordumuzun şücaətinin sayəsindədir. Mən Azərbaycan Ordusu ilə fəxr edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.