CƏMİYYƏT


General-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında bu qurumun ilk sədri general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Mustafa Nəsirovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova tədbiri açaraq, Mustafa Nəsirovun həyat və fəaliyyətindən danışıb.

Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov general Mustafa Nəsirovun xidmətləri haqqında ətraflı məlumat verib. Mustafa Nəsirovun hər zaman nümunəvi xidməti ilə diqqət çəkdiyini vurğulayan C.Xəlilov bildirib ki, sovet dönəmində ali hərbi rəhbərlik onun təcrübəsini öyrənməyi bütün SSRİ sərhədçilərinə tövsiyə edib.

Mustafa Nəsirovun Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatındakı böyük xidmətlərindən söz açan təşkilatın sədr müavini Azərbaycanın Sərhəd Qoşunlarının qurulmasında və inkişafında onun böyük rolunu qeyd edib. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun sərhədlərinin bərpası ən aktual məsələ kimi meydana çıxıb. Mustafa Nəsirov bu problemin həllində də yaxından iştirak edib. O, sərhədlərimizin möhkəmləndirilməsi üçün böyük səy göstərib.

General-mayor Mustafa Nəsirovun hər zaman öz prinsiplərinə sadiq, təvazökar və ədalətli mövqe nümayiş etdirdiyini vurğulayan C.Xəlilov bildirib ki, Qarabağ müharibəsi başlayanda Mustafa Nəsirov sədrlik etdiyi Veteranlar Şurasının üzv zabitlərini təşkilatlandıraraq, cəbhə bölgəsinə səfərlər təşkil edib, hərbi konsultasiyalar keçirib, müharibədə uğurların əldə olunması üçün bütün güc və vasitələrini səfərbər edib. Qeyd olunub ki, veteranların problemlərinin həllinə daim yüksək diqqət göstərən Mustafa Nəsirov ömrünün sonuna kimi ictimai-siyasi həyatda, eləcə də veteran təşkilatlarının bütün tədbirlərində fəal iştirak edib.

Sonra Mustafa Nəsirovun 100 illiyinə həsr olunmuş “Sərhəd fədaisi” filmi əsasında hazırlanmış fraqmentlər təqdim olunub.

Tədbirdə çıxış edən general-mayor Abbasəli Novruzov, general-mayor Vladimir Timoşenko, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nərimanov Rayon Təşkilatının sədri Elşad Şabanov, general-mayor Akif Şəfiyev, rejissor Zəfər Murtuzov Mustafa Nəsirovla bağlı xatirələrini bölüşüb, onun peşəkar hərbçi kimi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan Sərhəd Qoşunlarının əfsanəvi əməkdaşı adlandırılan general-mayor Mustafa Nəsirov həyatının 45 ilini sərhədçi zabit qismində Vətəninin hüdudlarının mühafizəsinə, xalqının təhlükəsizliyinə və dövlətçiliyin qorunmasına həsr edib. Onun həyat yolu, keçdiyi keşməkeşli hərbi xidmət illəri gənc nəsil üçün böyük örnək və nümunədir.

Mustafa Nəsirovun oğlu, SOCAR-ın birinci vitse-prezidenti Elşad Nəsirov atasının xatirəsinə göstərilən diqqətə və tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.