SİYASƏT


General-polkovnik Zakir Həsənov: İldönümü geriyə baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsidir

Müdafiə naziri 26 iyun – Silahlı Qüvvələr Günü
münasibətilə AZƏRTAC-a məxsusi müsahibə verib

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibə verib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova tərəfindən hazırlanan müsahibəni təqdim edirik.

- Cənab nazir, ilk növbədə, Sizi və Azərbaycan Ordusunun şəxsi heyətini 26 iyun - Silahlı Qüvvələrimizin yaradılmasının 104-cü ildönümü münasibətilə ürəkdən təbrik etmək istərdik. İşinizdə müvəffəqiyyətlər, yeni zirvələrin fəth edilməsini arzulayırıq. Ordumuz bu bayramı hansı əhval-ruhiyyədə qarşılayır?

- Ən əsası, azad edilmiş ərazilərimizin qorunması ilə bağlı daşıdığımız cavabdehliyə və etimada görə böyük məsuliyyət, eyni zamanda, sonsuz qürur və iftixar hissi ilə. Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinin təcəssümüdür. Haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Biz bu bayramı qalib Ordu kimi qarşılayırıq. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu Vətən müharibəsində rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Vətənin keşiyində yüksək əhval-ruhiyyədə dayanan Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanının hər bir əmrinə daim hazırdır.

Onu da qeyd edim ki, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da hər ildönümü geriyə, qət edilmiş yola baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsi mərhələsidir. Qürurverici məqamdır ki, Ordumuz da 104-cü ildönümünü böyük uğurlarla qarşılayır və fəxr hissi ilə qeyd edir.

- Ali Baş Komandanın göstərişinə əsasən, Orduda genişmiqyaslı islahatlar aparılır, Ordumuz qardaş Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılır. Siz bu prosesi necə qiymətləndirirsiniz və Azərbaycan Ordusunun potensialını necə dəyərləndirirsiniz? Mümkünsə, ordumuzda aparılan islahatlar çərçivəsində görülən işlər barədə söz açardınız...

- Uğurlu “Dəmir yumruq” əməliyyatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə yüksəlməsi, habelə qoşunların ən müasir silah və hərbi texnika, bütün təminat növləri ilə təmin edilməsi barədə müvafiq göstərişlər verdi. Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklər aparıldı və Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradıldı. O cümlədən Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılması həyata keçirilərək qüvvə və vasitələrinin sayı artırıldı.

Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yaradılan əməliyyat (komando) birləşmələrinin şəxsi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlıq kurslarına cəlb edilib. Hazırlıq kurslarında fərqlənən və yüksək nailiyyətlər əldə edən hərbi qulluqçular əlavə olaraq təlimatçı kurslarına cəlb ediliblər. Nəticə olaraq Azərbaycan Ordusunda Komando Təlim Mərkəzi yaradılıb. Hazırda sözügedən təlim mərkəzində bu birləşmələr üçün şəxsi heyətin hazırlanması davam etdirilir.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb və bir neçə hazırlıq mərhələsi üzrə peşəkar snayperlərin hazırlanmasına nail olunub.

Vətən müharibəsində əldə edilmiş təcrübələrə əsasən qoşunların idarəedilməsi ilə bağlı Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri komandanlıqlarında Döyüşü İdarəetmə mərkəzləri və onların tabeliyində olan bölmələrdə döyüşü idarəetmə qrupları yaradılıb, heyətlərin hazırlığı və onların komplektləşdirilməsi işləri təşkil edilib.

Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrində Vətən müharibəsinin təhlili aparılmış, nəticələrinin tətbiqi məqsədilə tədris proqramlarında yeniliklər edilib. Bundan əlavə, müharibənin təhlilinə həsr olunmuş çoxsaylı tədqiqat işlərinin nəticələri xarici və yerli mətbu orqanlarda nəşr olunub, xüsusi təyinatlı təhsil müəssisələrinin professor–müəllim heyəti tərəfindən bir çox ölkədə keçirilən konfrans və simpoziumlarda İkinci Qarabağ müharibəsinin unikallığının tutarlı faktlarla təsbit olunduğu məruzələr edilib. Eyni zamanda, müharibənin fərqli aspektləri üzrə tədqiqat işlərinin aparılması davam etdirilir və yaxın gələcəkdə konkret məsələlər üzrə dissertasiya işlərinin müdafiəsi planlaşdırılır ki, bu da Azərbaycanda hərb elminin inkişafına öz töhfəsini verəcək.

Elm və təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, hərbi elm və təhsil sisteminin inkişaf etdirilməsi, Azərbaycan Ordusunda ali təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlarla təminatın həyata keçirilməsi, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, onlarda praktik fəaliyyətdə elmi yanaşma bacarıqlarının formalaşdırılması, elmi nəticələrin ölkənin müdafiə qüdrətinin yüksəldilməsində və ordu quruculuğunun təkmilləşdirilməsində effektiv tətbiqi, habelə dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin təmin edilməsi məqsədilə hərbi təhsil sisteminin Türkiyə Respublikasının və inkişaf etmiş digər ölkələrin hərbi təhsil sisteminə uyğunlaşdırılması istiqamətində uğurlu iş aparılıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə Müdafiə Nazirliyinin strukturunda Milli Müdafiə Universiteti, Hərbi Elmi-Tədqiqat İnstitutu və Hərbi İdarəetmə İnstitutu yaradılıb. Həmçinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bazasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılıb. Bununla yanaşı, “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”na dəyişiklik edilərək Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Cənab Prezidentin 2022-ci il 5 mart tarixli daha bir Fərmanı ilə Milli Müdafiə Universitetinin, Hərbi Elmi-Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun və Heydər Əliyev adına Hərbi İnstitutun Nizamnamələri də təsdiqlənib.

Milli Müdafiə Universiteti tabeliyində xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını, ümumi təhsilin tam orta təhsil, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsini təmin edən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək.

Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətində fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi əsas götürülüb.

Müdafiə Nazirliyinin tabeçiliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin strukturunda əsaslı dəyişikliklərin edilməsi Azərbaycan Ordusunda elm və təhsilin səviyyəsinin Türkiyə Respublikasının və inkişaf etmiş digər ölkələrin hərbi elm və təhsil sisteminə uyğunlaşdırılmasına töhfə verəcək.

Aparılan islahatlar millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında inkişaf və dünyəvi təhsil sisteminə inteqrasiyaya əsaslı dayaq olacaq.

- İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərin tərkib hissəsi olan hərbi obyektlərin tikilməsi və hərbi infrastrukturun yaradılması, hərbi hissələrdə xidməti-döyüş şəraitinin yaradılması və sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə nə demək olar?

- Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərində yerləşən hərbi hissələrin şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil etmək məqsədilə qısa müddətdə yeni yataqxana, yeməkxana, hamam-camaşırxana kompleksi, anbarlar və digər obyektlər istifadəyə verilib. Vətən müharibəsindən sonrakı müddət ərzində ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Bu, həm ölkəmizin iqtisadi qüdrətinin, həm də ölkə Prezidentinin ordumuza olan diqqət və qayğısının bariz nümunəsidir.

Azad olunan ərazilərdə bölmələrin elektrik enerjisi ehtiyacının davamlı təmin olunması məqsədilə artıq 20-dən çox hərbi obyekt günəş batareyaları və panellərlə təchiz olunub. Həmçinin ildırım vurma təhlükəsi olan dağlıq ərazilərdə şəxsi heyətin, hərbi infrastrukturun, binaların və rabitə qurğularının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 200-ə yaxın ildırım ötürücü quraşdırılıb.

İşğaldan azad olmuş ərazilərdə şəxsi heyətin tibbi təminatının təşkil edilməsi məqsədilə dörd ədəd yeni və tam təchizatlı tibb məntəqəsi, Kəlbəcər şəhərində yeni hərbi hospital istifadəyə verilmiş, Hadrut qəsəbəsində isə daha bir hərbi hospitalın qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır.

Kəlbəcər və Laçın rayonlarının ərazisində dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyətini çörəklə fasiləsiz təmin etmək üçün yeni çörəkbişirmə sexləri tikilərək istifadəyə verilmiş, təminatın yaxşılaşdırılması məqsədilə yanacaq, ərzaq və əşya anbarlarının yaradılması işlərinə başlanıb.

Qoşunların hərəkət qabiliyyətinin yüksəldilməsi və hərtərəfli təminatının fasiləsiz yerinə yetirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu inkişaf etdirilib, yeni yolların çəkilməsi və bərpası işləri aparılmış, ümumilikdə 800 km-dən çox yeni yol çəkilib.

- Cənab nazir, bir qədər də Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı mövzusuna nəzər salaq…

- Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Buna ilk növbədə iki ölkənin dövlət başçılarının səmimi münasibətləri təkan verir. Strateji müttəfiqliyimiz dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək danılmazdır. Bildiyiniz kimi, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri tərəfindən iki qardaş ölkə arasında strateji müttəfiqlik barədə Bəyannamə imzalanıb. Bu Bəyannamənin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində, deyərdim ki, müstəsna rolu var. Bəyannamədən irəli gələn fəaliyyətlər Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirilir.

Türkiyə Silahlı Qüvvələrinin mühəndis-istehkam ixtisaslı mütəxəssisləri azad olunmuş ərazilərimizin mina və partlamamış döyüş sursatlardan təmizlənməsi prosesində bizə bilavasitə kömək edirlər. Belə ki, türkiyəli təlimatçılar tərəfindən mühəndis bölmələrinin şəxsi heyəti ilə beynəlxalq standartlara cavab verən xüsusi minatəmizləmə və digər kurslar keçirilir. Yeri gəlmişkən, qeyd etməliyəm ki, mühəndis bölmələrinin şəxsi heyəti işğaldan azad olunmuş rayonlarımızda bu günədək ümumilikdə 21 min hektara yaxın ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib. Ərazilərin təmizlənməsi zamanı 9464 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 6126, tank əleyhinə 2172 mina, ümumilikdə 18 min ədədə yaxın hərbi sursat aşkarlanaraq məhv edilib.

Vətən müharibəsi başa çatdıqdan sonra yaralanan və döyüşün psixoloji təsirinə məruz qalan hərbi qulluqçuların ölkəmizdə və qardaş Türkiyə Respublikasında müalicəsi və reabilitasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.

Müxtəlif səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərin inkişaf edilməsinə töhfə verməkdədir. İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə olan əməkdaşlığımız uğurla inkişaf edir. Bu il Bakıda yüksək səviyyədə keçirilən və böyük marağa səbəb olan “TEKNOFEST Azərbaycan” festivalı xüsusi əhəmiyyət kəsb etməsi ilə yanaşı, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi oldu.

Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb olunması mütəxəssis hazırlığını yeni səviyyəyə yüksəldib.

Bilirsiniz, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bizim işimizi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır.

- NATO ilə hərbi əməkdaşlığımız hansı səviyyədədir?

- Azərbaycan Ordusunun tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələrinə və ikitərəfli əməkdaşlığa əsasən, digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar.

Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Azərbaycan Ordusunun tədris müəssisələrində “Müdafiə strategiyası və planlaşdırılması” adlı yeni fənn tədris proqramına əlavə edilib.

“Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində NATO qərargahlarında Azərbaycan Ordusunun təmsil olunmasını təmin etmək məqsədilə NATO-nun yuxarı səviyyəli qərargahlarında Azərbaycan Ordusu zabitlərinin xidmət keçməsinin hərbi sahədə qabaqcıl və beynəlxalq təcrübənin, eləcə də NATO və tərəfdaş dövlətlərin silahlı qüvvələri ilə qarşılıqlı əməliyyat uyarlılığının əldə olunmasında müstəsna rol oynadığı nəzərə alaraq, Ordumuz üçün daha çox fayda verə biləcək vəzifələr müəyyən edilib və Tərəfdaşlıq Qərargah Vəzifələrinin sayının yaxın vaxtlarda bir qədər də artırılması planlaşdırılır. Bu artım nəticəsində NATO-nun Niderland Krallığının Brunsum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Hərbi-mülki əlaqələr və hərbi tərəfdaşlıq idarəsinin Hərbi tərəfdaşlıq şöbəsində Regional əlaqələndirmə üzrə qərargah zabiti və Türkiyənin İzmir şəhərində Quru Qoşunları Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası üzrə qərargah zabiti vəzifələrinə Azərbaycan Ordusunun nümayəndələri təyin olunacaqlar.

İkitərəfli əməkdaşlıq proqramları və NATO “SNT” proqramı çərçivəsində minaların zərərsizləşdirilməsi, idarəetmə, hərbi tibb və s. sahələrdə təcrübələrinin öyrənilməsi məqsədilə xarici dövlətlərin müdafiə təsisatları ilə əlaqələr genişləndirilib və ekspert görüşlərinin sayı artırılıb. Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədilə NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində yeni Tərəfdaşlıq məqsədi - “Strateji kommunikasiya” qəbul edilib. Şübhəsiz ki, bu, Azərbaycan Ordusunun strateji kommunikasiya sahəsində imkan və qabiliyyətlərinin artırılmasına töhfə verəcək.

- Cənab nazir, ictimaiyyəti narahat edən bir mövzuya da toxunmaq istərdik. Bu da son zamanlar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin yenidən gərginləşməsidir. Bu barədə nə deyə bilərsiniz?

- Sualınıza cavab olaraq onu deyə bilərəm ki, Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür.

- Ətraflı və səmimi cavablarınız üçün təşəkkür edirik. Bir daha bayramınız mübarək.

- Sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.