ELM VƏ TƏHSİL
Generativ rəqib şəbəkələrdə öyrənmə alqoritmlərinin analizi ilə bağlı tədqiqatlar aparılır
Bakı, 3 may, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda “Generativ rəqib şəbəkələrdə öyrənmə alqoritmlərinin analizi” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən elmi müəssisənin əməkdaşı Firəngiz Sadıyeva generativ rəqib şəbəkələr (Generative Adversial Network, GAN) və onların öyrədilməsində meydana çıxan problemlər barədə məlumat verib. Qeyd edib ki, generativ rəqib şəbəkələrin rejimin pozulması, öyrənmənin dayanıqlı olmaması və keyfiyyətli metrikaların yoxluğu kimi üç əsas problemi mövcuddur.
Firəngiz Sadıyeva generativ rəqib şəbəkələr və onlarda istifadə edilən funksiyalar haqqında danışıb. O, generativ rəqib şəbəkələrin müxtəlif şəkillərin generasiyasında özlərini daha yaxşı cəhətdən göstərdiklərini qeyd edib. Bildirib ki, rejimin pozulması (mode colllapse) zamanı həmin şəbəkə nəzərdə tutulmuş bütün obyekt şəkillərini deyil, az sayda şəkilləri generasiya etməyə başlayır. Tədqiqatçı, həmçinin bu problemin həlli üçün təklif edilmiş AdaGAN, VEEGAN və Wasserstein GAN arxitekturalarının əsas xarakteristikalarını təqdim edib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.