ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutu Avropa Komissiyasının 3 yeni layihəsinə qoşulub

Bakı, 19 fevral, AZƏRTAC

Genetik Ehtiyatlar İnstitutu 15 ildən artıqdır ki, Avropa Komissiyasının layihələrində aktiv iştirak edir. İnstitutun əməkdaşları Avropa Komissiyasının Erasmus Mundus, Mariya Küri adına Beynəlxalq Tədqiqatçı Mübadiləsi Proqramı və COST proqramının müxtəlif layihələrində iştirak edib, 20-yə yaxın gənc tədqiqatçı elmi araşdırmalarının bir hissəsini Avropanın müxtəlif universitet və elmi mərkəzlərində yerinə yetirib, yeni metodlar öyrənərək müasir metodları ölkəyə gətiriblər. 2019-cu ildə institut COST proqramının 2 layihəsinə qoşulub və hazırda həmin layihələr çərçivəsində müxtəlif ölkələrlə əməkdaşlıq davam etdirilir.

Bu barədə AZƏRTAC-a Genetik Ehtiyatlar İnstitutundan məlumat verilib. Bildirilib ki, 2020-ci ildə elmi müəssisə COST proqramının 3 yeni layihəsinə də qoşulub. Layihələrdən biri “Üzümün yaxşılaşdırılması üçün maksimum omiks məlumatlarının inteqrasiyası” layihəsidir. Layihədə İtaliyanın Verona Universitetinin rəhbərliyi altında əksər Avropa ölkələrinin tanınmış elmi mərkəzləri, eləcə də ABŞ, İsrail, Türkiyə, Tunis, Mərakeş və digər ölkələrin elm və təhsil müəssisələri iştirak edirlər. Azərbaycan tərəfdən isə layihədə AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun rəhbərliyi ilə Genetik Ehtiyatlar İnstitutunun meyvə bitkiləri, biotexnologiya, təhsil şöbələri və Beynəlxalq Kompüter Genomikası laboratoriyasının əməkdaşları iştirak edirlər.

Genetik Ehtiyatlar İnstitutunun qoşulduğu digər bir layihə isə “Beynəlxalq Nukleom Konsorsiumu”dur. Layihəyə İspaniyanın Genom Analizləri üzrə Milli Mərkəzi rəhbərlik edir. Avropanın bütün ölkələrindən olan elmi-tədqiqat mərkəzləri ilə yanaşı, ABŞ, Rusiya, Yaponiya və Misirdən olan elmi mərkəzlərin əməkdaşları da layihəyə qoşulub. Azərbaycanı isə bu layihədə Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya, Təhsil şöbələri, İnsan genetikası laboratoriyası və Beynəlxalq kompüter genomikası laboratoriyasının əməkdaşları təmsil edir.

İnstitut insan genomu üzrə tədqiqatların genişləndirilməsi, irsi və anadangəlmə xəstəliklərin molekulyar səviyyədə tədqiqi məqsədilə Avropa Komissiyasının COST proqramına daxil olan “Skelet əzələsi əlamətlərinin genomikası üzrə şəbəkə” layihəsinə də qoşulub. Layihədə Niderlandın Erasmus universitetinin rəhbərliyi ilə əksər Avropa ölkələrinin elmi mərkəzləri, həmçinin ABŞ, Avstraliya və Kanadanın tədqiqat mərkəzləri iştirak edirlər. Avropanın yaxın qonşu ölkələrindən isə yalnız Azərbaycan bu layihəyə qoşulub. Layihədə Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsindən biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov, Beynəlxalq Kompüter Genomikası laboratoriyasından biologiya üzrə fəlsəfə doktoru Orxan Mustafayev və İnsan genetikası laboratoriyasından Bayram Bayramov iştirak edirlər.

Qeyd olunan layihələrlə yanaşı, Genetik Ehtiyatlar İnstitutu 1 COST layihəsinin hazırlanmasında iştirak edib və 2 əlavə layihəyə qoşulmaq üçün təklif alıb. Hazırda həmin layihələr üzə danışıqlar davam etdirilir.

İnstitutun qoşulduğu COST layihələri (5 layihə) çərçivəsində 2021-2025-ci illər ərzində Genetik Ehtiyatlar İnstitutundan çox sayda gənc tədqiqatçının Avropanın tanınmış mərkəzlərinə qısa və orta müddətli səfərləri planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.