ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda becərilən dənli taxıl və paxlalı bitkilərə baxış keçirilib
Bakı, 23 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun milli səyyar seminarının iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlara institutda genetik ehtiyatların toplanması, qorunması və kompleks qiymətləndirilməsi haqqında məlumat verilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin, eləcə də birgə kadr hazırlığının vacibliyini bildirib.
Daha sonra seminar iştirakçıları institutun Milli Genbankında və biotexnologiya şöbəsində aparılan tədqiqat işləri ilə tanış olub, təcrübə sahəsində becərilən dənli taxıl və paxlalı bitkilərə baxış keçiriblər.
Qeyd edək ki, sözügedən seminar Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirlikləri, Beynəlxalq Qarğıdalı və Buğda İnkişafı Mərkəzi (CİMMYT) və Quru Ərazilərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İCARDA) birgə təşkilatçılığı ilə təşkil olunub. Məqsəd Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində payızlıq buğdaların genetik ehtiyatlarının tədqiqi, müxtəlif aqroiqlim şəraitlərinə adaptasiya olunmuş sortların seçilməsi, bitkilərin mühafizəsinin optimallaşdırılması və digər fəaliyyətlərin intensivləşdirilməsidir.