ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq vebinar keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti beynəlxalq vebinar (internet vasitəsilə seminar) keçirilib.
GEİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarda institutun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva “Beyin strukturlarında monoaminergik sistemin aktivliyinə elektromaqnit dalğaların təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, elektromaqnit şüaları və mənbələri haqqında ümumi məlumat verib, müasir texnologiyanın yaratdığı ES təsiri, onun yaratdığı aktual problemlərdən bəhs edib.
S.Ağayeva şüalanmanın canlı orqanizmlərə təsiri probleminin molekulyar və hüceyrə səviyyəsindən davranış reaksiyalarına qədər hərtərəfli tədqiqatların aparılmasını tələb etdiyini bildirib. Qeyd olunub ki, mövzunun elmi yeniliyi baş beyinin qabıq və qabıqaltı strukturlarında monoaminergik sistemlərin aktivliyinin tədqiqi və təhlili, qeyri-istilik intensivliyində EMS-in təsirinin modulyasiya parametrlərindən asılı olaraq heyvanların MSS-nin funksional vəziyyətlərində yaranmış dəyişikliklərin qanunauyğunluqlarını müəyyənləşdirir. Tədqiqat nəticəsində alınmış məlumatlar əsasında MSS-nin funksional vəziyyətlərində bu və ya digər meylliklər yaradan EMS-nin adekvat seçilməsi həyata keçirilə bilər.
Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.