ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda dissertasiya işləri müzakirə olunub
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) birləşmiş şöbələrin birgə seminarında insan genetikası, genetika və bitkilərin seleksiyası ixtisasları üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı açan institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov magistratura təhsilinin əhəmiyyətindən və magistrantların institutun kadr potensialının gəncləşməsində rolundan danışıb. O bildirib ki, institutda magistratura təhsilinə xüsusi önəm verilir və dissertasiya işlərinin lazımi səviyyədə hazırlanması üçün magistrantlar elmi rəhbərləri ilə mütəmadi əlaqədə işləyirlər. Zeynal Əkpərov diqqətə çatdırıb ki, institut öz tarixində ilk dəfə olaraq insan genetikası ixtisası üzrə magistr hazırlığını həyata keçirir.
Seminarda magistrantların təqdimatları dinlənilib, onlar professor-müəllim heyətinin, tədqiqatçı alimlərin suallarını cavablandırıblar.
Müzakirələr zamanı magistrantların əsas müdafiəyə buraxılması qərara alınıb və göstərilən bəzi iradların aradan qaldırılması tövsiyə edilib.