ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ABŞ və Almaniyanın elmi mərkəzlərində tədqiqat işi aparıb

Bakı, 17 noyabr, AZƏRTAC

Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva ABŞ-ın Azərbaycandakı səfirliyinin 2019-2020-ci illər üçün elan etdiyi “Fulbrayt elmi-tədqiqat proqramı”nın və AMEA-nın post-doktorantura tədqiqat proqramının qalibi kimi 3 ay müddətində ABŞ-ın Kaliforniya Universitetində, 12 ay isə Almaniyanın Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunda tədqiqat işi aparıb və molekulyar sitogenetikanın müasir üsullarını öyrənib.

Bu barədə AZƏRTAC-a Genetik Ehtiyatlar İnstitutundan məlumat verilib. Bildirilib ki, S.Mehdiyeva ABŞ-ın Kaliforniya Universitetində (Riversayd) Botanika və bitki elmləri şöbəsində, professor Adam Lukaşevskinin rəhbərlik etdiyi laboratoriyada “Buğdanın F1 poligenom hibridlərində meyoz prosesinin molekulyar sitogenetik metodlarla tədqiqi” mövzusunda elmi işini uğurla tamamlayıb. Tədqiqat işində üçcinsli buğda hibridlərində müxtəlif dənli bitkilərin hibridləşmə nəticəsində eyni nüvədə cəmlənmiş genomların və ya onlara aid xromosomların meyoz prosesindəki davranışları öyrənilib.

AMEA-nın postdoktorantura tədqiqat proqramı çərçivəsində isə S.Mehdiyeva bir il müddətində Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunun xromosom strukturu və funksiyası qrupunun professoru Andreas Hubenin rəhbərlik etdiyi laboratoriyada “Tritikale-buğda hibridlərinin molekulyar sitogenetik tədqiqi" mövzusunda tədqiqat işini yerinə yetirib. Həmin proqram çərçivəsində tritikale ilə hibridləşmədən alınan xətlərin genom tərkiblərinin müasir molekulyar sitogenetik metodlarla tədqiqi aparılıb.

Səbinə Mehdiyeva hər iki səfər proqramı çərçivəsində molekulyar sitogenetika və genetikaya aid bir sıra müasir tədqiqat metodlarını (İmmunoFİSH, FİSH əsaslı CRİSPR/Cas9) mənimsəyib. Səfər müddətində Genetik Ehtiyatlar İnstitutu ilə Kaliforniya Universiteti və Almaniyanın Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutu arasında elmi əməkdaşlığın gücləndirilməsi və beynəlxalq layihələrdə birgə iştirakı məsələləri də müzakirə edilərək razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.