ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Rusiyada beynəlxalq konfransda iştirak ediblər
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun fiziologiya şöbəsinin baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Afət Məmmədova və texnologiya şöbəsinin böyük elmi işçisi Gülşən Poladova Rusiyada ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlar Moskvada Rusiya Elmlər Akademiyasının rəhbərliyi ilə keçirilən “Mədəni bitkilərin seleksiya və introduksiya olunmasında biokimya və fiziologiyanın rolu” V beynəlxalq elmi-metodik konfransın plenar iclasında iştirak ediblər.
Tədbirdə Afət Məmmədova “Bitkilərdə boy proseslərinin stimulyasiyası zamanı fizioloji-genetik göstəricilərin dəyişdirilməsinin tədqiqi”, Gülşən Poladova isə “Azərbaycan Respublikasında yayılmış yerli yumşaq buğda sortlarında dənin keyfiyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Ümumiyyətlə, konfrans elmi yeniliklərin, təcrübələrin mübadiləsində və əlaqələrin inkişaf etdirilməsində böyük əhəmiyyətə malik olub.
Rusiya, Belarus, Bolqarıstan, Slovakiya, Qazaxıstan, Ukrayna və digərləri daxil olmaqla 11 ölkədən alim və mütəxəssisin iştirak etdiyi konfrans 5 gün davam edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.