ELM VƏ TƏHSİL
Genetik alim buğdanın uzaq hibridlərini araşdırıb
Bakı, 10 iyun, AZƏRTAC
Genetik Ehtiyatlar İnstitutunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda institutun Molekulyar sitogenetika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva “Buğdanın uzaq hibridlərində molekulyar sitogenetik metodların istifadəsi” mövzusunda məruzə edib.
Alim çıxışında ABŞ-ın Azərbaycandakı səfirliyinin 2019-2020-ci illər üçün elan etdiyi “Fulbrayt” elmi-tədqiqat proqramının və AMEA-nın postdoktorantura tədqiqat proqramının qalibi kimi 3 ay Kaliforniya Universitetində, 12 ay müddətində isə Almaniyanın Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunda apardığı elmi araşdırmaların nəticələrini təqdim edib.
Səbinə Mehdiyeva Kaliforniya Universitetində (Riversayd) Botanika və bitki elmləri şöbəsində professor Adam Lukaşevskinin rəhbərlik etdiyi laboratoriyada “Buğdanın F1 poligenom hibridlərində meyoz prosesinin molekulyar sitogenetik metodlarla tədqiqi”, Almaniyanın Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunda isə Xromosom strukturu və funksiyası qrupunun professoru Andreas Hubenin rəhbərlik etdiyi laboratoriyada “Tritikale-buğda yuxarı nəsil hibridlərinin molekulyar sitogenetik tədqiqi” mövzularında apardığı elmi işlərdən danışıb.
Məruzəçi Genetik Ehtiyatlar İnstitutunun Abşeron Elmi-Tədqiqat Bazasında müxtəlif ölkələrin (ABŞ, İspaniya, Meksika) elmi mərkəzlərindən əldə edilmiş buğdanın yadcinsli amfiploidlərinin yerli tritikale forması, o cümlədən öz aralarındakı hibridləşmələrindən alınan bitki formalarının genom konstitusiyalarının ND-FİSH/GİSH metodu ilə tədqiqinin nəticələri haqda seminar iştirakçılarına geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.