CƏMİYYƏT
Genetik modifikasiya edilmiş orqanizmlər mövzusunda görüş keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi sahəsində müxtəlif ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir. İnstitutun əməkdaşları ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndələri arasında “Genetik modifikasiya edilmiş orqanizmlər (GMO)” mövzusunda görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə geni modifikasiya olunmuş məhsullar haqqında yeni qanun layihəsinin hazırlanması və gələcək əməkdaşlıq perspektivləri haqqında məlumat verilib. Tədbirdə, həmçinin GMO məhsullarının ilkin baxışı və laborator analizləri üçün təlimlərin keçirilməsinin vacibliyi, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün yekununda Qida Təhlükəsizliyi İnstitutu və Amerikanın ölkəmizdəki səfirliyi arasında qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə əməkdaşlara xarici mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi və birgə layihələrin hazırlanmasına dair ilkin razılıq əldə olunub.