DÜNYA
“Genezis” fondunun “Yəhudi Nobeli” mükafatı “Pfizer” şirkətinin baş direktoruna çatacaq
Bakı, 19 yanvar, AZƏRTAC
“Genezis” fondunun “Yəhudi Nobeli” mükafatını “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla alacaq.
AZƏRTAC İsrail KİV-lərinə istinadla xəbər verir ki, “Genezis” Fondunun verdiyi məlumata görə, “Yəhudi Nobeli” deyilən mükafat uğrunda müsabiqənin münsiflər heyəti “Pfizer əczaçılıq şirkətinin baş direktoru, COVID-19-a qarşı vaksinin rekord dərəcədə qısa müddətdə işlənib hazırlanmasına rəhbərlik etmiş Albert Burlaya daha çox səs verib.
Hər il yəhudi xalqının görkəmli nümayəndələrinə verilən bu mükafat Albert Burlaya Yerusəlimdə təqdim olunacaq. Mərasimin tarixi hələ elan edilməyib.
“Yəhudi Nobeli” mükafatına builki namizədlər arasında Albert Burla ilə yanaşı Saşa Baron Koen, Diana fon Fürstenberq, Yuval Noa Harari, Skarlet Yohansson və Serj Klarsfert də var idi.
“Genezis” fondunun hər il təqdim etdiyi “Yəhudi Nobeli” mükafatının məbləği 1 milyon dollara bərabərdir. Mükafat peşəkar sahədə müstəsna nailiyyətlərə, bəşəriyyətin inkişafına verilən töhfələrə və yəhudi dəyərlərinə sadiqliyə görə təqdim edilir.
2021-ci ildə bu mükafat Holokost qurbanlarının xatirəsini qoruyan rejissor və filantrop Stiven Spilberqə təqdim edilib.