MƏDƏNİYYƏT


Geniş tamaşaçı kütləsinə naməlum olan “Axırıncı namaz” filmi aşkar edilib VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

Bu günədək geniş tamaşaçı kütləsinə naməlum olan “Axırıncı namaz” filmi aşkar olunub.

Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çapdan çıxmış “Sovet bədii filmləri. Annotasiyalı kataloq” kitabının 1958-1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə “Axırıncı namaz” adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib.

Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, araşdırmaların davamı olaraq, qısametrajlı bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub.

Qeyd edək ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.

Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin “Axırıncı namaz” filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.