SİYASƏT
Gennadi Nadolenko: ADA Universitetində təşkil edilmiş beynəlxalq konfrans çox əhəmiyyətli və maraqlı idi
Kiyev, 16 aprel, AZƏRTAC
ADA Universitetində təşkil edilmiş beynəlxalq konfrans çox əhəmiyyətli və maraqlı idi.
Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru, ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusuna həsr edilmiş beynəlxalq konfransda iştirak etmiş Gennadi Nadolenko bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.
O vurğulayıb ki, konfransın gedişində çox maraqlı diskussiyalar olub, Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarının bütün suallarına ətraflı cavab verib.
Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru deyib: “Ukrayna Azərbaycanın, Azərbaycan da Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü həmişə, ardıcıl olaraq dəstəkləyib. Beynəlxalq birlik bir həqiqəti başa düşməlidir ki, belə adlandırılan dondurulmuş münaqişələr həmişəlik dondurulmuş vəziyyətdə qalmır. Vaxt yetişir, bu münaqişələrin “donu açılır” və onda hamıya “isti olur”. Beynəlxalq birlik belə münaqişələrin həllində daha qətiyyətli olmalıdır”.
G.Nadolenko sonda vurğulayıb: “Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən vaxtilə çiçəklənən diyar sayılan Ağdam şəhərində olduq. Azərbaycan, xüsusən Bakı çox xoş təsir bağışladı. Bakı xüsusən indi, qışdan sonra təbiət oyanın vaxtda çox gözəl şəhərdir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev