ELM VƏ TƏHSİL
Geodeziya və Kartoqrafiya Agentliyinin əməkdaşlarının BDU-da ustad dərsi


Bakı, 7 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini İlqar Əmirovun rəhbərliyi ilə mütəxəssislər qrupu tərəfindən ustad dərsi keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, dərsin məqsədi geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə kadr hazırlığı işinin müasir tələblərə uyğun səviyyədə aparılmasına dəstək olmaqdır.
İlqar Əmirov Geodeziya və Kartoqrafiya Agentliyinin strukturu, fəaliyyəti, yerinə yetirdiyi layihələr haqqında ümumi məlumat verib.
Sonra Agentliyin geodeziyaçıları Cəlil Gəncəmaliyev və Rauf Əliheydərli, kartoqrafı Aqidə Əliyeva müasir geodeziya, geomatika və kartoqrafik işlərin yerinə yetirilmə texnologiyaları, peyk müşahidələri əsasında alınan təsvirlərdən istifadə etməklə ərazinin plan və xəritələrinin tərtib edilməsi, GPS peyk mövqe təyinetmə sistemləri, pilotsuz uçuş aparatları (PUA), dataların emal proqramları ilə bağlı məruzələr ediblər.
Ustad dərsinin ikinci hissəsi praktiki təlimlərlə davam etdirilib. Bu mərhələdə Agentliyin mütəxəssisləri tərəfindən müasir geodeziya cihaz və alətlərinin iş prinsipləri, onlarla ölçmə qaydaları əyani şəkildə tələbələrə göstərilib. Eyni zamanda, tələbələr tərəfindən bir sıra ölçmələr həyata keçirilib.