ELM VƏ TƏHSİL
Geologiya İnstitutunun alimləri şagirdlərə palçıq vulkanları və yerin yaranması barədə danışacaqlar
Bakı, 6 fevral (AZƏRTAC). Fevralın 6-da saat 11-də 20 və 42 nömrəli orta məktəblərdə geoloqlar 8-11-ci sinif şagirdləri ilə görüşəcəklər.
Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 20 nömrəli məktəbdə institutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev şagirdlərə palçıq vulkanlarından, onların yaranmasından, təbii proseslərindən danışacaqdır. “Paleontologiya və stratiqrafiya” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev isə 42 saylı orta məktəbin şagirdlərinə Yer kürəsinin yaranmasından danışacaqdır.
Məktəblilərlə görüşlər “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada çərçivəsində həyata keçirilir. Xatırladaq ki, olimpiada Geologiya İnstitutunun Gənc Alimlər Şurası tərəfindən təşkil olunmuşdur. Məqsəd şagirdlərin Yer elmlərinə həvəsini artırmaq, onların potensialını və istedadını inkişaf etdirmək, elm ilə təhsilin vəhdətindən faydalanmaqdır.