ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutunun elmi nəşri “Scopus” məlumat bazasına daxil edilib
Bakı, 18 fevral, AZƏRTAC
AMEA Geologiya və Geofizika İnstitutunun “ANAS Transactions, Earth Sciences” elmi jurnalı “Scopus” məlumat bazasına daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnal, həmçinin cari ilin fevral ayından “Elsevier” elmi bazasının sisteminə daxil edilib (PR-00006761).
1958-ci ildə təsis edilmiş “ANAS Transactions, Earth Sciences” resenziya olunan elmi jurnaldır. Əvvəllər “Proceedings of the Azerbaijan National Academy of Sciences, Earth Sciences” adı ilə nəşr olunan jurnal 2018-ci ildən “ANAS Transactions, Earth Sciences” adlandırılıb.
Nəşrdə Yer elmlərinin bütün sahələrini əhatə edən tədqiqatlar haqqında məlumatlar, fundamental nəticələr və modelləşdirmələr əksini tapır. Məqalələr beynəlxalq biblioqrafik standartlara uyğun tərtib olunur. “ANAS Transactions, Earth Sciences” jurnalı xarici ölkə alimlərinin də diqqətindədir. Jurnalda Azərbaycan alimləri ilə yanaşı, digər ölkə alimlərinin də məqalələri yer alır.
“ANAS Transactions, Earth Sciences” jurnalının “Scopus” bazasına və dünyanın ən böyük nəşriyyatı olan “Elsevier”in elmi bazasına daxil edilməsi Azərbaycanın Yer elmləri sahəsində çalışan alimlərinin gələcək fəaliyyətlərində, apardıqları elmi tədqiqatlarda yüksək informasiya mənbəyi kimi mövqeyini qoruyacaq.