CƏMİYYƏT


Gəray Gəraybəyli: Şuşanın azad olunduğu tarix xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək Zəfər Günümüz oldu

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Azərbaycan Tibb Universitetində “Şuşa İli”nə həsr olunmuş “Şuşanın dağları” ədəbi-bədii gecə keçirilib. Ədəbi-bədii gecədə Türkiyədən də qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasının səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin çoxsaylı elmi konfranslar, müxtəlif mərasimlər, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, lakin bütün dünyanın qarşısında aciz qaldığı koronavirus pandemiyasına görə son iki il müddətində bu cür görüşlərin təşkilinin məhdudlaşdırıldığını diqqətə çatdırıb. O deyib: “Çox sevindirici haldır ki, biz bu cür tədbirlərimizi məhz “Şuşa İli”ndə bərpa edə bildik və böyük bir hadisənin sevincini birlikdə bölüşmək üçün görüşdük. Əlbəttə, bu sevinci bizə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə nəticəsində bəxş edib. Noyabrın 8-i Şuşanın azad olunduğu tarix xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək Zəfər Günümüz oldu.

Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq bu ilin yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Hazırda Şuşada güclü quruculuq işləri aparılır. Paralel olaraq şəhərdə mədəni və tarixi əhəmiyyət kəsb edən ardıcıl tədbirlər keçirilir. Cıdır düzündə Xarıbülbül festivalı keçirildi, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları oldu, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, sonradan isə həm də türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Azərbaycan və Türkiyə prezidentləri “Şuşa Bəyannaməsi” imzaladılar. Bu da ölkəmiz üçün daha bir tarixi hadisə oldu. Belə ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" qəbul edildi. Şuşa Bəyannaməsi ölkələrimizin qardaşlığının əyani təcəssümünə çevrildi.

Onu da qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində bizim ən böyük dayağımız qardaş Türkiyə oldu. Türkiyə 44 gün ərzində Azərbaycana ən güclü siyasi və mənəvi dəstək verdi. Qardaş Türkiyə Vətən müharibəsindən sonrakı dönəmdə də Qarabağın bərpası mərhələsində də öz köməyini bizdən əsirgəmir".

Rektorun sözlərinə görə, universitetin məzunlarının, o cümlədən hərbi həkim və tibb işçilərinin 44 günlük Vətən müharibəsi günlərində və sonrakı dövrdə qazilərin reabilitasiya və müalicəsi işində göstərdikləri peşəkar yardımları, xüsusi xidmətləri xalqımız tərəfindən qiymətləndirilir və təqdir edilir.

"Təəssüf ki, Qarabağ Zəfəri itkisiz, tələfatsız başa gəlmədi. Düşmənlə savaş meydanında minlərlə Azərbaycan gənci canını, sağlamlığını qurban verməli oldu. Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaqlar. Qazilərimizə uzun ömür diləyir, şəhid olmuş Vətən fədailərinin ruhu qarşısında baş əyirik", - deyə G.Gəraybəyli fikirlərini yekunlaşdırıb.

Tədbir zamanı Tibb Universitetinin 18 məzununun Vətən müharibəsində şəhadətə yüksəldiyi diqqətə çatdırılıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir bədii hissə ilə davam edib.

Ədəbi-bədii gecədə, həmçinin Şuşaya dair videoçarxlar da nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.