CƏMİYYƏT


Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi layihəsinin bağlanış mərasimi keçirilib

Bakı, 28 aprel, AZƏRTAC

Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART) layihəsinin bağlanış mərasimi keçirilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Radim Zak, MSİBM-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional portfolio rəhbəri Violeta Vaqner, “RESTART” layihəsinin icraçıları və Reinteqrasiya üzrə işçi qrupunun nümayəndələrinin iştirakı ilə keçirilən onlayn tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “RESTART” layihəsinin həyata keçirilməsini müsbət qiymətləndirdiyini, readmissiya sazişləri çərçivəsində ölkəyə geri qaytarılan şəxslərə edilən yardımların dayanıqlı qayıdışın təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

MSİBM ilə birgə əməkdaşlığın yüksək səviyyəyə çatdığını qeyd edən Xidmət rəisi bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair Saziş”lə münasibətlərin daha da genişlənəcəyinə inandığını bildirib.

Daha sonra “RESTART” layihəsinin əhəmiyyəti, layihə çərçivəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə tədbir iştirakçılarına məlumat verilib. Diqqətə çatdırılıb ki, iyirmi səkkiz aylıq müddəti əhatə edən layihə çərçivəsində Azərbaycan vətəndaşlarının Avropa İttifaqına üzv dövlətlərdən davamlı qayıdışını və reinteqrasiyasını asanlaşdırmaq üçün Azərbaycanda dövlət qurumlarının və vətəndaş cəmiyyətinin reinteqrasiya sahəsində potensiallarını gücləndirməyə və bununla da Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamənin, eləcə də Readmissiya Sazişinin icrasına dəstək verilir. “RESTART” layihəsi çərçivəsində geri qayıdan vətəndaşların faktiki ehtiyacları və maraqları nəzərə alınmaqla 87 nəfərə hədəfli reinteqrasiya dəstəyi göstərilib.

Sonda Reinteqrasiya üzrə İşçi Qrupu ilə müzakirələr aparılıb və gələcəkdə reinteqrasiya dəstəyinin təmin edilməsi üzrə tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.