DÜNYA
Gevin Nyusom Kaliforniya qubernatoru vəzifəsində qalacaq
Vaşinqton, 16 sentyabr, AZƏRTAC
Kaliforniyada keçirilmiş referendumda seçicilərin təqribən 70 faizi ştatın demokrat qubernatorunun bu vəzifədən geri çağırılması təklifinin əleyhinə səs verib.
AZƏRTAC xəbər verir ki, respublikaçılar Gevin Nyusomun Kaliforniya ştatının qubernatoru vəzifəsindən geri çağırılması barədə kampaniyaya hələ 2020-ci ilin iyun ayında başlamışdılar. Onların məqsədi bu barədə səsvermə keçirilməsi üçün zəruri olan 1,5 milyon imza toplamaq idi. COVID-19 pandemiyası ilə əlaqədar Nyusom tərəfindən görülən ciddi tədbirlər, o cümlədən məktəblərin bağlanması, kiçik bizneslə bağlı fəaliyyətin, o cümlədən bar və restoranların işinin məhdudlaşdırılması respublikaçıları hiddətləndirmişdi. Pandemiya fonunda lokdaunun qızğın vaxtında Nyusomu San-Fransiskoda, ölkənin ən bahalı restoranlarından birində keçirilən məclisdə iştirak etməsi barədə xəbər respublikaçıların təşəbbüsünə təkan verib. Təşkilatçılar Nyusomun vəzifədən geri çağırılması məsələsini referendum bülleteninə qəbul etmək üçün kifayət qədər imza toplaya biliblər.
Sentyabrın 14-də axşam seçki məntəqələri bağlanandan az sonra dərc edilmiş məlumata görə, seçicilərin təqribən 70 faizi Nyusomun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi təklifinin əleyhinə səs verib və yalnız seçicilərin 30 faizdən bir qədər çox hissəsi bu təşəbbüsü dəstəkləyib.
Çərşənbə günü referendumun ilkin nəticələri məlum olandan sonra Nyusom jurnalistlər qarşısında çıxış edib və özlərinin səsvermə hüququndan istifadə etmiş milyonlarla kaliforniyalıya təşəkkürünü bildirib.
AZƏRTAC-ın Vaşinqton bürosu