İDMAN
Gimnastımız Zöhrə Ağamirova “Bakı 2019”da topla çıxışını təqdim edib
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının çoxnövçülük yarışlarında sonuncu çıxışını icra edib.
AZƏRTAC xəbər verir ki, gimnastımızın topla çıxışı 19,525 xalla qiymətləndirilib və təmsilçimiz sıralamada altıncı pillədə qərarlaşıb.
Top ilə final yarışlarına bolqarıstanlı Katrin Taseva 20,900 xalla liderlik edir.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.