CƏMİYYƏT
Ginekoloq Turab Canbaxışov: Üçəmlərimiz tam sağlam və vaxtında doğulublar
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyaya gələn, 7000-dən bir doğuşda rast gəlinən üçəmlər evə buraxılıblar.
Bu barədə hamiləliyə ilk gündən nəzarət edən və doğuşu qeysəriyyə əməliyyatı ilə icra edən, klinikanın mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov AZƏRTAC-a məlumat verib.
Həkim deyib: “Hamiləliklərin uğurla sonlanma faizinə nəzər yetirdikdə təkli hamiləliklərdə bu ehtimal 90, əkizlərdə 70, üçəmlərdə isə təxminən 30 faiz təşkil edir. Bu, ananın ilk hamiləliyi idi. Hamiləliyin normal sonlanması və ananın sağlamlığı baxımından bizim tərəfimizdən döllərdən birinin inkişafını dayandırmaq təklif olunsa da, ailə buna razılıq vermədi. Hamiləliyin əvvəllərində bəzi problemlərin yaşanmasına baxmayaraq, uşaqlar tam sağlam dünyaya gəliblər. Hər üçü oğlan olan körpələrin ikisinin çəkisi 1500 qram, birinin isə 1600 qramdır. Onu da qeyd edim ki, norma daxilində təkli hamiləliklərin sonlanma müddəti 39 həftədirsə, əkizlərin adətən dünyaya gəlməsi 35-36-cı, üçəmlərin doğulması isə 31-32 həftələrə təsadüf edir. Bu baxımdan da hamiləliyin 31-ci həftəsində dünyaya gələn üçəmlərimiz demək olar ki, tam vaxtında doğulublar”.