DÜNYA


Giorgia Meloni enerji qiymətlərindəki artımı İtaliyanın prioritet məsələsi kimi qiymətləndirib

Roma, 2 oktyabr, AZƏRTAC

İtaliyanın ilk qadın Baş naziri olacağı gözlənilən Giorgia Meloni enerji qiymətlərindəki artımı ölkənin prioritet və narahatedici problemlərindən biri kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, G.Meloni hökumətə rəhbərlik edəcəyi təqdirdə ölkə əhalisinin üzləşdiyi problemlərə operativ və təsirli cavablar verməyə hazır olduğunu bildirib.

“Əgər hökumətə rəhbərlik etmək bizə həvalə olunarsa, xalqımızın üzləşdiyi çətinliklərə operativ və təsirli cavab verməyi planlaşdırırıq. İtaliyanın mövqeyi ümumi həllər tapmaq üçün milli maraqlarını qorumaqdan başlamalıdır. Qarşıdakı aylarda müəyyən dəyişikliklər olacaq”.

Enerji qiymətlərindəki artımın ölkənin prioritet və narahatedici problemlərindən olduğunu qeyd edən G.Meloni deyib ki, o, bu problemin həlli üçün qitə səviyyəli kompleks danışıqlar aparan hazırkı hökumətlə sıx təmasdadır.

Qeyd edək ki, sentyabrın 25-də İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərdə G.Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası səslərin 26 faizini toplayaraq birinci olub. “İtaliya Qardaşları”, “Liqa”, “İrəli İtaliya” və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya isə seçkidə qalib gəlib. Sağçı koalisiya parlamentin aşağı və yuxarı palatalarında hökumət qurmaq üçün çoxluğu əldə edib. Koalisiya daxili razılaşmaya əsasən, ən çox səs toplayan partiya Baş nazirin namizədliyini irəli sürəcək.

İtaliyada İkinci Dünya müharibəsindən bəri seçkilərdə ifrat sağçı partiya ilk dəfə seçkidə birinci olub. 45 yaşlı Meloni ölkədə ilk qadın Baş nazir olmaqla yanaşı, 2008-ci ildən bəri seçki ilə vəzifəyə gələn ilk Baş nazir olacaq. Həmçinin sağçılar 2008-ci ildən bəri ilk dəfə ittifaqla hakimiyyətə gələcəklər.

Ölkədə son 10 ildə vəzifədə olan altı Baş nazir seçkilərdə qələbə qazanaraq deyil, Prezident tərəfindən təyin edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.