CƏMİYYƏT
Girdimançayın suyunun yaşıl rəngə boyanmasının səbəbi açıqlanıb
Bakı, 24 avqust, AZƏRTAC
İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayda suyun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, monitorinqlər zamanı çay boyu müxtəlif mənbələrdən su nümunələri götürülərək kompleks analiz üçün ETSN-in mərkəzi laboratoriyasına təhvil verilib. Analizin nəticələrinə görə, çay suyunda baş vermiş dəyişikliyin kimyəvi və toksiki maddələrin təsirindən, yəni antropogen təsirdən olmadığı müəyyən edilib, suyun keyfiyyət göstəricilərinin norma daxilində olduğu qeydə alınıb.
Mütəxəssislərin rəyinə görə, hazırda hidroloji rejim baxımından çaylarda azsululuq dövrüdür. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb. Bu isə suyun yaşıl rəngə boyanması və xoşagəlməz iyin yaranması ilə nəticələnib. Yay fəslinin sonunda demək olar ki, əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun enməsi və yağıntıların başlaması ilə aradan qalxacaq.