CƏMİYYƏT
“Giyen-Barra sindromu” ilə əlaqədar xəstə təhlili aparılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında xəstə təhlili ilə əlaqədar müzakirə aparılıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nevrologiya ixtisası üzrə rezident Aytən Mürsəlova “Giyen-Barra sindromu”nun əmələgəlmə səbəbləri və epidemiologiyası barədə məlumat verib. Sonra ətraflarında olan zəiflik və keyimə, sərbəst yerişin pozulması, beldə və budlarda ağrılar, ümumi halsızlıq, baş ağrıları, arterial təzyiqin yüksəlməsi şikayətləri ilə klinikaya müraciət edən və klinikanın nevrologiya şöbəsində “Giyen-Barra sindromu” diaqnozu ilə stasionar müalicə alan 46 yaşlı xəstə üzərində aparılan klinik təhlil diqqətə çatdırılıb.
O, proqressivləşən əzələ zəifliyi və arefleksiyanı diaqnozu təsdiqləyən əsas əlamətlər kimi xarakterizə edib. Eyni zamanda digər dəstəkləyici əlamətlərə də diqqət yetirildiyini deyərək xəstəyə tətbiq olunan müayinə və müalicə üsulları haqqında da məlumat verib və mövzu ilə əlaqədar sualları cavablandırıb.
Klinik təhlildə professor-müəllim heyəti, həkimlər və rezidentlər iştirak ediblər.