CƏMİYYƏT
Gizir Nicat Səmədovun yarımçıq qalan arzuları
Bakı, 5 avqust, AZƏRTAC
O, bu Vətən üçün hər şeyə hazır idi. Hər şeyə...
Hətta canını qurban verməyə də...
Verdi də...
Zəngilanın azad edilməsi uğrunda döyüşlərdə Nicat tarix yazdı.
AZƏRTAC xəbər verir ki, gizir Nicat Səmədovun son döyüşü oktyabrın 22-də olub. Zəngilan rayonu ərazisində Vejnəli kəndi yaxınlığında torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə 7 döyüş yoldaşı ilə birlikdə düşmən pusqusuna düşüb. Ağır yaralansa da, 2 saat düşmənlə mətinliklə vuruşaraq yoldaşlarının pusqudan çıxmasına şərait yaradıb, özü isə son ana qədər döyüşərək qəhrəmancasına şəhid olub.
Hərbçi dostları, döyüş yoldaşları onun göstərdiyi şücaət haqqında çoxlu hadisə və əhvalatlar danışırlar.
Arzusu sərhədçi olmaq idi. Hərbi xidmətini başa vurandan sonra gizir olmaq üçün kursa yazılıb və sonradan hərbçi kimi fəaliyyətə başlayıb. Aprel döyüşlərinin iştirakçısı olub. 2018-2019-cu illərdə xidmətdə fərqləndiyinə görə fəxri fərmanlara layiq görülüb.
Vətən müharibəsində şərəfli döyüş yolu keçən gizir Nicat Şahin oğlu Səmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin anası Pərvanə Səmədova deyib: “Vətən sevgisi Nicata qandan gəlirdi. Onun atası da Birinci Qarabağ döyüşlərinin iştirakçısı olub, qardaşı hərbçi idi. Bu yolu özü seçmişdi. Biz Nicatın toyunu gözləyir, xonça tuturduq. Nişanlı idi. Üzümüzə gələn ilin Novruz bayramı günlərində onun toyunu etməyə hazırlaşırdıq. Vətən müharibəsinin 26-cı günündə bütün arzularımız puç oldu. O, son döyüşdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edərək ruhunu haqqa təslim etdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ailəmizi Bakının Xocasən qəsəbəsindəki yeni yaşayış massivində iki otaqlı tam təmirli mənzillə təmin edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə olan diqqət və qayğısından razıyıq. Ailəmiz hər cür qayğı ilə əhatə olunub”.
Nicatın 28 yaşının tamam olmasına iki ay qalırdı. Təəssüf ki, arzuları kimi ömür yolu da yarımçıq qaldı...