İQTİSADİYYAT
“Goldman Sachs”: OPEC+ sazişinin neftin qiymətinə təsiri azdır
Bakı, 8 sentyabr, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin neftin qiymətinə təsiri azdır.
AZƏRTAC xəbər verir ki, dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitiki Cef Kurri bu fikirdədir.
O, Moskvada keçirilən konfransda OPEC və kartelə üzv olmayan ölkələrin iştirakı ilə əldə edilən neft hasilatının azaldılması sazişinin “qara qızıl”ın qiyməti üzərində təsirinin az olduğunun və bunun əvəzinə Rusiyanın artan xam neft istehsalından faydalanmağın vacibliyinin vurğulandığını deyib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.