ELM VƏ TƏHSİL


Gömrük Akademiyası “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə beynəlxalq sertifikata layiq görülüb

Bakı, 5 mart, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) təhsildə və idarəetmədə keyfiyyət standartının yüksəldilməsi ilə bağlı növbəti uğura imza atıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Türk Standartları İnstitutu (TSE) tərəfindən "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülən DGKA Azərbaycanda bu statusu alan 3-cü ali təhsil müəssisəsidir.

İki il öncə DGKA ilə Türk Standartları İnstitutu arasında akademiyada beynəlxalq standartlar sisteminin qurulması, beynəlxalq təhsil məkanına inteqrasiya, təhsil sahəsində beynəlxalq layihələrə qoşulma, təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilib.

Türk Standartları İnstitutunun baş katibinin müşaviri, TS EN ISO 9001 - Keyfiyyəti İdarəetmə Sistemi üzrə baş auditor Arif Qani tərəfindən aparılan təlimləri uğurla başa vuran akademiya əməkdaşlarına müvafiq sertifikatlar verilib.

İnstitut tərəfindən 2021-ci ilin yanvar ayında bütün strukturlarda aparılan audit nəticəsində akademiyanın "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq standartın tələblərini tam olaraq ödədiyi müəyyən edilib və prosesin yekununda Dövlət Gömrük Komitəsinin Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülüb.

Qeyd edək ki, DGKA kadr hazırlığında keyfiyyət standartının yüksəldilməsi üçün ali təhsil sahəsində dünyada mövcud olan ən qabaqcıl təlim texnologiyaları və innovasiyaların tətbiqini başlıca hədəf kimi müəyyənləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.