ELM VƏ TƏHSİL


Gömrük Akademiyasında "Bilik günü" münasibətilə tədbir keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında "Bilik günü" münasibətilə tədbir keçirilib.

Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, komitə sədrinin müavinləri, akademiyanın rəhbərliyi, müəllim və tələbələr, valideynlər iştirak edib.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, yeni tədris ilinin başlanması münasibətilə akademiyanın müəllim-tələbə kollektivini, valideynləri təbrik edən komitə sədri Səfər Mehdiyev ümummilli lider Heydər Əliyevin xalqımızın, dövlətimizin gələcəyi olan gənc nəslin tərbiyəsinə, onların savadlı, bacarıqlı kadrlar kimi yetişməsinə xüsusi önəm verdiyini deyib.

Vurğulanıb ki, istər sovetlər dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza rəhbərlik etdiyi dövrdə Ulu Öndərin həyata keçirdiyi xüsusi dövlət proqramları əsasında minlərlə gənc müasir elmi biliklərə yiyələnmək üçün xaricə göndərilib.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirən Səfər Mehdiyev qeyd edib ki, gənclərin təhsil alması üçün xaricə göndərilməsi ilə yanaşı, respublikamızdakı təhsil ocaqlarının da maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, yeni təhsil ocaqlarının yaradılması, bir sözlə, tədris prosesinin günün tələbləri səviyyəsində təşkil edilməsi məqsədilə mühüm addımlar atılıb.

Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr istedadlı, bilikli gənclərin hər sahədə önə çəkilməsinə, təhsilimizin inkişafına təkan verib.

Səfər Mehdiyev deyib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq gömrük orqanlarının müasir elmin sirlərinə yiyələnən ixtisaslı kadrlarla təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyası təsis olunub. Fəaliyyət göstərdiyi qısa dövr ərzində akademiyanın yüksək nəticələr əldə etməsinin, 2014-cü ildə bakalavr səviyyəsi üzrə qəbul olunan tələbələrin yekun dövlət attestasiyası zamanı əldə etdikləri uğurlu nəticələrin qürurverici olduğu vurğulanıb.

Komitə sədri akademiyaya bu il qəbul olunan və hazırda təhsilini davam etdirən digər tələbələrin də estafeti uğurla başa vuracaqlarına əminliyini ifadə edib və gənclərin savadlı, bacarıqlı kadrlar, layiqli vətəndaşlar kimi yetişməsi məqsədilə Dövlət Gömrük Komitəsinin də bütün zəruri addımları atacağını diqqətə çatdırıb.

Sonra 1-ci kurs tələbələrinə tələbə kartları təqdim edilib.

Tədbirdə bu il tələbə adını qazanan Səma Süleymanlı və valideynlər adından Tacirə Qasımova çıxış edərək akademiyada yaradılan şəraitə, tələbələrə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasını 37 nəfər bitirib, 44 nəfər isə bu təhsil ocağının tələbəsi olmaq hüququnu qazanıb. İqtisadiyyat fakültəsinə qəbul olunan abituriyentlərin balları 424-633, hüquqşünaslıq ixtisasına qəbul olunanların balları isə 557-663 hədlərində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.