QAN YADDAŞI
Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında dərc olunub
Bakı, 27 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasının şöbə rəisi Araz Aslanlının müəllifi olduğu “28-ci ildönümündə Xocalı soyqırımı və Münxendəki Əliyev-Paşinyan debatı” başlıqlı məqalə Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu Agentliyinin rəsmi saytında dərc edilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, məqalədə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında fevralın 15-də Münxendə baş tutan debat qısa təhlil edilib. Bildirilib ki, debatda Prezident İlham Əliyev istifadə etdiyi üslub, müraciət etdiyi faktlar, tarixi sənədlər və digər məqamlar baxımından N.Paşinyandan üstün olub. Bu məqam hətta Prezident İlham Əliyevin müxalifləri, erməni tədqiqatçılar və xarici diplomatlar tərəfindən də qəbul edilib.
Məqalədə Ermənistanın işğalçılıq siyasətindən bəhs edilib, Xocalı soyqırımının uzun müddətli planın və hazırlığın nəticəsi olduğu xüsusi vurğulanıb. Müəllif qeyd edib ki, Ermənistanın xarici dövlətlərin hərbi-siyasi dəstəyi ilə Xocalını işğal etməsi və burada soyqırım törətməsi daha sonra Azərbaycan ərazilərinin təxminən 20 faizinin işğal olunmasına gedən yolun başlanğıcını təşkil edib.
Xocalı soyqırımının dünyada tanınması üçün görülən işlərə də toxunan A.Aslanlı qeyd edib ki, ədalətin yerini tutmasında bu cinayətdə iştirak edən hər kəs ağır şəkildə cəzalandırılmalı, eyni zamanda, Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz olaraq Ermənistan işğalından azad olunması təmin edilməlidir.
Məqaləni aşağıdakı elektron ünvandan oxumaq mümkündür:
https://www.aa.com.tr/tr/analiz/hocali-soykirimi-ve-munih-teki-aliyev-pasinyan-tartismasi/1745388