İQTİSADİYYAT


Gömrük Komitəsi: Azərbaycanda API və PNR sistemlərinin tətbiqi üzrə qanunvericilik bazası təkmilləşdirilir

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemləri üzrə interaktiv təlim başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir BMT-nin “Terrorçuların Səyahətinin Qarşısının Alınması Proqramı” çərçivəsində təşkil olunub.

Təlimdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” QSC və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak edir.

Xatırladaq ki, “Sərnişinlərə dair ilkin məlumat” və “Sərnişin adlarının qeydiyyatı” sistemlərinin ölkəmizdə tətbiqi Nazirlər Kabinetinin göstərişi ilə formalaşdırılmış və DGK-nın rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən həyata keçirilir.

DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədov adı çəkilən sistemlərin tətbiqi sahəsində Komitə ilə BMT, BMqT və Böyük Britaniyanın Daxili İşlər Nazirliyi arasında səmərəli əməkdaşlıqdan bəhs edib.

Vurğulanıb ki, bu əməkdaşlıq naməlum təhdidlərin vaxtında aşkar edilməsi, eləcə də sərhəd keçid proseslərinin effektivliyi və sürətinin artırılması üçün bütün qabaqcıl texnologiyalar və vasitələrdən istifadə etməklə, əlaqələndirilmiş, məntiqli və sistemli yanaşmanın tətbiqi məqsədlərini daşıyır.

Baş İdarənin rəisi “Sərnişinlərə dair ilkin məlumat” (API və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin tətbiqi üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan fəaliyyətlərin icrası barədə də məlumat verib, həmçinin bu sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri addımların atıldığını vurğulayıb.

BMT-nin Terrorizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Juliana Papse Vegso təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib. Bildirilib ki, terrorçuluğa, mütəşəkkil transmilli cinayətkarlığa qarşı effektiv mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, birgə mübarizə tədbirlərinin həyata keçirilməsi vacibdir və Azərbaycanın bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir.

Təlim 5 gün davam edəcək.

Təlim zamanı BMT, BMqT və sözügedən sahədə qabaqcıl təcrübəyə malik ölkələrin mütəxəssisləri tərəfindən təhlükəli mühit, API və PNR üzrə hüquqi tələblər, terror riski və sərhəd, sərhəd idarəçiliyinə mərhələli yanaşma, indikatorların inkişaf etdirilməsi və digər mövzularda təqdimatlar nümayiş olunacaq və müzakirələr aparılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.