İQTİSADİYYAT


Gömrük Komitəsi Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

Bakı, 13 iyun, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq əlaqələrini müzakirə edib.

Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr iyunun 13-də Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qiyorqiyevlə görüşündə aparılıb.

Görüş Bakı, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində baş tutub.

Dövlət Gömrük Komitəsinin sədri Azərbaycanda biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

S.Mehdiyev ölkədə hər bir sahədə olduğu kimi, dövlət miqrasiya siyasətinin də uğurla həyata keçirildiyini qeyd edərək Azərbaycan gömrük orqanlarının miqrasiya və sərhəd xidmətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu sıx əlaqələrin qanunsuz miqrasiya ilə mübarizə sahəsində müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

V.Qiyorqiyev isə gömrük xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsindəki roluna toxunaraq gömrük orqanlarının bütövlükdə beynəlxalq təhlükəsizlik işinə mühüm töhfələr verdiyini vurğulayıb. Nümayəndəliyin rəhbəri Azərbaycanda miqrasiya sahəsində görülən proqressiv işlərin ümumi nəticələrindən danışıb, miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində keçirilən layihələrdə gömrük orqanlarının da iştirakının vacibliyini qeyd edib, bunun qarşılıqlı təcrübə mübadiləsinin daha da genişlənməsinə şərait yaradacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.