İQTİSADİYYAT


Gömrük Komitəsi Beynəlxalq Yük Daşımaları prosedurlarının elektronlaşdırılması ilə bağlı layihələr həyata keçirəcək

Bakı, 5 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Beynəlxalq Yük Daşımaları prosedurlarının elektronlaşdırılması ilə bağlı layihələr həyata keçirəcək.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə sentyabrın 5-də Bakıda “Elektronlaşma vasitəsilə beynəlxalq ticarət və nəqliyyatın asanlaşdırılması” mövzusunda ikigünlük seminarın açılış mərasimində deyilib.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) təşkil etdiyi tədbirdə bu qurumun üzvü olan milli zəmanət birlikləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), eləcə də Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Çin, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan gömrük orqanlarının nümayəndələri iştirak edir.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, Azərbaycanda tranzit potensialının inkişaf etdirilməsi ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir. Diqqətə çatdırılıb ki, gömrük orqanları tərəfindən beynəlxalq daşımalar zamanı gömrük prosedurlarının və sərhəd-keçid əməliyyatlarının sadələşdirilməsi yolu ilə tranzitin inkişafına yönəlik tədbirlər həyata keçirilir.

Sözügedən sahədə vahid və standart yanaşmanın təmin edilməsi məqsədilə qəbul edilmiş beynəlxalq konvensiyaların əhəmiyyətinə toxunan C.Qasımov, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində 1975-ci ildə qəbul edilmiş “Beynəlxalq yük daşımaları kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının ticarətin və daşımaların asanlaşdırılması işində mühüm rolunu vurğulayıb.

Komitə sədrinin müavini beynəlxalq yük daşımaları kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar zamanı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada TIR EPD (TIR Electronic Pre-arrival Declaration (əvvəlcədən elektron bəyanetmə) sistemi vasitəsilə gömrük orqanlarına təqdim olunması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən zəruri işlərin davam etdirildiyini, artıq sentyabrın 5-dən sistemdən test rejimində istifadəyə başlanıldığını deyib.

Qeyd edilib ki, TIR EPD sistemindən istifadə gömrük orqanlarına təqdim edilən məlumatlara uyğun olaraq, risklərin təhlilinin səmərəli şəkildə həyata keçirilməsi əsasında beynəlxalq yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sərhəddən daha sürətli və prioritet qaydada keçidinə şərait yaradacaq.

Sədr müavini Azərbaycanın tranzit potensialının artırılması işinə xidmət edəcək beynəlxalq yük daşımaları prosedurlarının elektronlaşdırılması üzrə pilot layihələrlə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlərin də görüldüyünü və yaxın zamanda bu layihələrin icrasına başlanacağına ümidvar olduğunu bildirib.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının baş katibi Umberto de Pretto Azərbaycan Gömrük Xidmətinin gömrük prosedurlarının və ticarətin asanlaşdırılması istiqamətində aktiv fəaliyyətini təqdir etdiklərini söyləyib. Azərbaycan tərəfi ilə əməkdaşlıqdan məmnunluğunu bildirən baş katib beynəlxalq ticarətin və avtomobil daşımalarının elektronlaşma yolu ilə asanlaşdırılması məsələlərinə dair seminarın nəticələrinin də səmərəli olacağına əminliyini ifadə edib.

Sentyabrın 6-dək davam edəcək seminarda Türkiyə və İran arasında, Azərbaycan, Qazaxıstan, Ukrayna və Gürcüstan arasında UNECE-IRU eTIR pilot layihələri üzrə müzakirələrin aparılması, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində intermodal daşımalarda beynəlxalq yük daşımaları prosedurlarının elektronlaşdırılmasının əhəmiyyəti, elektron prosedurların İpək Yolu üzərində ticarətin genişləndirilməsində rolu, ticarətin asanlaşdırılması konvensiyaları üzrə nailiyyətlər və çağırışlar mövzularında təqdimatların keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.