İQTİSADİYYAT
Gömrük Komitəsi “IMB”lə blokçeyn texnologiyasının tətbiqinə dair müqavilə imzalayacaq
Bakı, 12 iyun, Elvin Camalov, AZƏRTAC
İyunun 13-də Dövlət Gömrük Komitəsi (DGK) “IMB” şirkəti ilə blokçeyn texnologiyasının tətbiqinə dair əməkdaşlıq müqaviləsi imzalayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mətbuat konfransında deyib.
O bildirib ki, blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi, heç bir müdaxilə və sorğu olmadan sistemdən məlumatların kəsilməsi və istifadə olunmasıdır. İxrac və idxal əməliyyatlarında gömrük sisteminə blokçeyn texnologiyasının gətirilməsi sürətli və təhlükəsiz ticarətin qanunvericiliyə uyğun tətbiqini həyata keçirmək üçün ən uğurlu vasitədir. Avropadan və dünyanın istənilən ölkəsindən Azərbaycana yönəldilən hər hansı bir konteyner daşımacılığının məlumatını blokçeyn texnologiyasından istifadə edərək öz bazamıza inteqrasiya etdirəcəyik. Yükün hazırda harada olması, ölkəyə istiqamətləndirilən yükün həcmi, hansı şirkətə aid olması və bu kimi ilkin məlumatları heç kəsə müraciət etmədən əldə etmək mümkün olacaq.
S.Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsinin daxilində blokçeyn texnologiyasının sistemi artıq yaradılıb. Bəzi məlumatları dövlət qurumları onlayn şəkildə görə və istifadə edə bilir. İlkin olaraq “IMB” şirkəti ilə əməkdaşlıq müqaviləsi iyunun 13-də imzalanacaq. Bu il üçün blokçeyn texnologiyasını konteyner daşımacılğında məlumatların gömrük bazasına inteqrasiyasını planlayırıq. Blokçeyn texnologiyası ilə bağlı GUAM dövlətləri ilə yeni layihə başlanılıb. Layihəni Ukrayna ilə Azərbaycan birgə həyata keçirir. Gürcüstan və Moldova da bu layihəyə dəstək verir.