İQTİSADİYYAT


Gömrük Komitəsi: “Samur” postunda yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması üçün bütün zəruri addımlar atılır

Bakı, 30 may, AZƏRTAC

Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhədində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur. Buna səbəb isə mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının ixracının, eləcə də ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitlərinin sayının artmasıdır.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Qeyd edilib ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-300-dək yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, mayın 27-də 260, mayın 28-də 278, mayın 29-da isə 281 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb. Bu gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xəttləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq artıq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işlərə başlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı intensivlik tamamilə aradan qaldırılacaq.

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Görülən tədbirlər nəticəsində yaxın günlərdə sıxlıqlar tamamilə aradan qaldırılacaq.

Gömrük orqanlarının sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətindəki səylərinə baxmayaraq, öz ənənələrinə sadiq qalan bəzi dırnaqarası media qurumlarının gömrük postunda yaranan sıxlıqları gömrük orqanlarının fəaliyyətsizlikləri ilə əlaqələndirməsi isə sadəcə təəssüf doğurur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.