İQTİSADİYYAT


Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi üçün innovativ layihələr reallaşdıracaq

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat müşavirəsi keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə DGK sədrinin müavinləri, baş idarə və idarə rəisləri iştirak ediblər. Müşavirədə Prezident İlham Əliyev tərəfindən gömrük orqanlarının qarşısında qoyulan tapşırıqlar - xidmət səviyyəsinin yüksəldilməsi, gömrük-keçid məntəqələrinin işinin günün tələbləri səviyyəsində yenidən qurulması və digər məsələlər müzakirə olunub.

S.Mehdiyev 2019-cu ildə gömrük işinin müasir standartlara uyğun şəkildə qurulması, ölkəmizin ixrac, tranzit və logistika imkanlarının artırılması sahəsində gömrük orqanları tərəfindən görülən işlərdən, fiskal sahədə və qaçaqmalçılığa qarşı mübarizə məqsədilə atılan addımlardan bəhs edib və bütün istiqamətlər üzrə həyata keçirilən tədbirlərin effektivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

O, 2020-ci ildə gömrük işinin daha da səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən danışıb, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan qətiyyətli addımların cari ildə də prioritet olacağını, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsini təmin edəcək innovativ layihələrin həyata keçiriləcəyini bildirib.

Vurğulanıb ki, cari ildə yeni gömrük postlarının tikilib istifadəyə verilməsi və mövcud gömrük postlarının infrastrukturunun yenidən qurulması nəzərdə tutulur, bu da xidmət səviyyəsinin yüksəldilməsinə münbit şərait yaradacaq. Komitə sədri son vaxtlar Çin Xalq Respublikasında yayılan və dünyanın bir neçə ölkəsində müşahidə olunan koronavirus epidemiyası ilə bağlı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən profilaktik tədbirlərdən bəhs edib və bu istiqamətdə nəzarət tədbirlərinin daha da gücləndirilməsinə dair konkret tapşırıqlar verib.

Eyni zamanda, müşavirədə aidiyyəti qurumların rəhbərləri müzakirə olunan məsələlər ətrafında təklif və rəylərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.