İQTİSADİYYAT


Gömrük Komitəsində Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Dövlət Gömrük Komitəsində (DGK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın qurucusu Ulu Öndərin həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, ömrünü xalqının, dövlətinin çiçəklənməsinə həsr edən dahi rəhbər Vətən sevgisini hər şeydən üstün tutub. Müstəqilliyimizin əbədiliyini təmin edən Ümummilli Lider dərin dövlətçilik təcrübəsi, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanı regionun ən qüdrətli dövlətinə, beynəlxalq aləmin etibarlı üzvünə çevirdi. Ölkəmizin uzunmüddətli davamlı inkişaf strategiyasının təməlini qoyan ulu öndər Heydər Əliyev bütün sahələrdə köklü dəyişikliklər apararaq onun iqtisadi tərəqqisinə nail oldu.

S.Mehdiyev bildirib ki, bütün dövlət təsisatları kimi gömrük orqanlarının da formalaşdırılması, ixtisaslı kadrlara, müasir infrastruktura malik olan strateji quruma çevrilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır. Dahi rəhbərin gömrük orqanlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən mərasimdəki proqram xarakterli çıxışı Azərbaycan Gömrük Xidmətinin gələcək inkişaf strategiyasını, hədəflərini müəyyənləşdirdi. Gömrük sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar, verdiyi tapşırıq və tövsiyələr qısa zaman kəsiyində Azərbaycan gömrüyünü təkmil bir quruma, dünya gömrük ailəsinin nüfuzlu üzvünə çevirdi.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, dövlətimizin qüdrətlənməsinə, iqtisadi tərəqqimizin davamlılığının təmin olunmasına hesablanıb. Son illər bütün sahələrdə olduğu kimi, gömrük sistemində də aparılan islahatlar gömrük işinin daha da təkmilləşdirilməsinə, beynəlxalq ticarətin asanlaşdırılmasına, ölkəmizin ixrac potensialının və tranzit imkanlarının artmasına şərait yaradıb.

Ötən ayın sonlarında Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatının Avropa Regionuna rəhbər seçilməsini Prezident İlham Əliyevin məqsədyönlü, tərəqqipərvər daxili və xarici siyasətinin nəticəsi kimi qiymətləndirən S.Mehdiyev gömrük orqanlarının daim dövlət qayğısı ilə əhatə olunduğunu da vurğulayıb.

DGK-nın sədri Azərbaycan Gömrük Xidməti və gömrük əməkdaşlarının ümummilli lider Heydər Əliyev irsini daim yaşadacağını və onun ideyalarına sadiq qalacağını bildirib.

Ulu öndər Heydər Əliyevin dünya miqyasında nəhəng siyasətçi olduğunu vurğulayan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin beynəlxalq arenada nüfuz qazanmasında Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizin xarici təcavüzlərdən və təsirlərdən qorunmasında, daxildə sabitliyin bərqərar edilməsi, ordu quruculuğunun təmin olunmasında ulu öndər Heydər Əliyevin dərin zəkası, müstəsna idarəçilik qabiliyyəti mühüm rol oynayıb.

Ümummilli Liderin müasir qanunvericilik bazasının yaradılması, bütün sahələrdə dövlət quruculuğunun və iqtisadi tərəqqinin təmin edilməsi məqsədilə atdığı uzaqgörən addımlardan danışan Z.Əsgərov bugünkü Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu və onun ideyaları yaşadıqca müstəqilliyimizin də yaşayacağını diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli Sərəncamına əsasən, xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına orden və medallar təqdim olunub.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.