CƏMİYYƏT


Gömrük Komitəsindən uğurlu əməliyyat: 28 min 400 qram narkotik vasitə aşkarlanıb

Bakı, 21 fevral, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin əməkdaşları 28 min 400 qram narkotik vasitə - heroin aşkarlayıb.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Belə ki, Ukrayna vətəndaşı İvonyak Volodimir Vasilieviç idarə etdiyi “Renault” markalı yük nəqliyyat vasitəsi ilə İranın Malayer şəhərindən Ukraynanın Odessa şəhərinə “kişmiş” yükü apararkən Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılıb və nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman “Renault” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan “kişmiş” yükü boşaldılıb. Daha sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Kinoloji xidmət iti həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb. Nəticədə nəqliyyat vasitəsinin ön divarında, soyuducu qurğusunun aşağısında, xüsusi düzəldilmiş yerdə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 54 ədəd yastı dördkünc formalı bağlama aşkar edilib.

Gömrük yoxlaması tam başa çatdıqdan sonra 54 ədəd bağlamanın qablaşdırılması ilə birlikdə çəkisi 28 min 400 qram olan narkotik vasitə - heroin olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.