İQTİSADİYYAT
Gömrük Komitəsinin Elektron Tədris Platforması təqdim olunub
Bakı, 31 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəyi ilə hazırladığı Elektron Tədris Platformasının təqdimatı keçirilib.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, DGK-nın sədri Səfər Mehdiyev Azərbaycan gömrüyünün hər zaman elmi nailiyyətlərin gömrük işinin təşkili sahəsində tətbiqinə xüsusi önəm verdiyini və Elektron Tədris Platformasının da bu sahədə növbəti addımlardan biri olduğunu deyib. Vurğulayıb ki, bu layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradacaq.
Azərbaycan gömrüyünün ÜGT-nin innovativ layihələrinə, komitə və alt komitələrinin qərar və tövsiyələrinə xüsusi önəm verdiyini diqqətə çatdıran S.Mehdiyev qarşılıqlı əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Son dövrlər Azərbaycan gömrüyündə tətbiq edilən yenilikləri, inkişaf proqramlarını diqqətlə izlədiklərini bildirən ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya əldə edilən uğurlu nailiyyətlərin ÜGT baş katibi Kunio Mikuriya tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. ÜGT təmsilçisi yeni layihənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra Elektron Tədris Platforması ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib.
Təhsildə yeni metod və yanaşmaları ehtiva edən Elektron Tədris Platforması bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir. Yeni layihə ilk mərhələdə Dövlət Gömrük Komitəsinin Akademiyasında tətbiq ediləcək, daha sonra gömrük əməkdaşları da sistemdən faydalanacaq.