İQTİSADİYYAT
Gömrük Komitəsinin əməkdaşları Brüsseldə ÜGT-nin Maliyyə Komitəsinin sessiyasında iştirak ediblər
Bakı, 6 aprel, AZƏRTAC
Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş qərargahında bu qurumun Maliyyə Komitəsinin 102-ci sessiyası keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, 18 ölkənin nümayəndələrinin qatıldığı tədbirdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov və komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin birinci müavini Xəqani Məmmədov iştirak ediblər.
Sessiyada 2016-2017-ci və 2017-2018-ci hesabat illərinə aid maliyyə hesabatları və audit rəyi, 2018-2019-cu hesabat ilinə aid ilkin hesabatlar və 2019-2020-ci maliyyə ilinə aid büdcə layihəsinin icrasına dair sənədlər müzakirə olunub.
DGK-nın nümayəndələri müzakirələrdə fəal iştirak edib və aidiyyəti üzrə müvafiq rəylər veriblər.
Sessiyanın yekununda Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsi müzakirə olunan məsələlərə dair hesabat hazırlayıb.
Xatırladaq ki, hesabat ÜGT Gömrük Əməkdaşlıq Şurasına təqdim ediləcək.