REGİONLAR
Gömrük Komitəsinin rəhbərliyi Yevlax, Bərdə və Mingəçevirdə vətəndaşları qəbul edəcək
Bakı, 22 oktyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev oktyabrın 25-də saat 11:00-da Yevlax rayon Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami prospekti 61) Yevlax və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin gün saat 11:00-da DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında (Bərdə şəhəri, Heydər Əliyev prospekti 84), komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 172) Bərdə rayonundan və Mingəçevir şəhərindən olan vətəndaşlarla görüşəcək.
Qəbullar zamanı yalnız Yevlax, Ağdaş, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbullarda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula elektron qaydada yazıla bilərlər.